“Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin iyirminci günü başlayıb. Əhəmiyyətli dəyişikliklər olmadan müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əvvəlki kimi qalır. Ukrayna Silahlı Qüvvələri qoşun qruplaşmalarına və işğalçıların arxa infrastrukturuna sarsıdıcı zərbələr endirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarına olan əməliyyat məlumatında bildirilib.
Məlumatda qeyd edilir ki, gün ərzində rus ordusuna aid dörd helikopter, bir təyyarə və bir qanadlı raket məhv edilib.
"Hücumda iştirak edən işğalçı qüvvələrin qrupları irəliləyişin bütün istiqamətlərində ciddi uğur qazana bilməyib. Əsas səylər işğal olunmuş sərhədlərin qorunub saxlanılmasına yönəldilməkdə davam edir.
Düşmən kritik infrastruktur obyektlərinə raket və bomba hücumlarını davam etdirir. Yaralıların müalicəsi üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində səhiyyə müəssisələri şəbəkəsindən istifadə edir. Həmçinin, işğalçılar atəş mövqelərini təchiz etmək, silah və hərbi texnika yerləşdirmək üçün mülki infrastrukturdan məkrli şəkildə istifadə etməkdə davam edirlər.
Mövcud məlumata görə, müvəqqəti işğal olunmuş ərazilərdə yaşayış məntəqələrində müəssisə və təşkilatların fəaliyyətini təmin edə bilmədiyi üçün işğalçılar kommunal işçilərin səfərbərliyini dayandırmaq məcburiyyətindədirlər.
Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı olaraq qalır ki, bu da Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur. Həmçinin, mövcud məlumata görə, Luqansk vilayətinin bəzi rayonlarının işğal olunmuş ərazisindən səfərbər edilmiş sakinlər Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya işğalçı qüvvələrinin aktiv hissələrinin itkilərini doldurmaq üçün göndərilir.
Düşmən Mariupolu tutmağa çalışır. Ukrayna əsgərləri işğalçıların hücumlarını uğurla dəf etdilər".
Rusiya ordusunun ümumi itkilərinin 150-yə yaxın insan, 2 tank, 7 piyada döyüş maşını və bir zirehli transportyor olduğu bildirilir: "İtkilərdən sonra işğalçılar hücumu dayandıraraq geri çəkilib.
Artilleriya və aviasiya vasitəsilə düşmənin qabaqcıl marşrutlarda yığılan kolonlarına zərbələr endirilib. Mövcud məlumata görə, artilleriya atəşi nəticəsində 12 avtomaşın məhv edilib.
Qara dəniz və Azov əməliyyat zonalarında düşmənin dəniz desant əməliyyatına hazırlıq əlamətləri aşkar edilməyib".