17 Mart 2022 09:49
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna xalqının rus hərbi işğalına qəhrəmancasına müqavimətinin iyirmi ikinci günü başladı. Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri ələ keçirilən sərhədlərin müdafiəsini möhkəmlətməyə və saxlamağa çalışan düşmən qoşun qruplarına sarsıdıcı zərbələr endirməkdə davam edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarına olan əməliyyat məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, ötən sutka ərzində ukraynalı müdafiəçilər Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci Ümumhərbi Ordusunun komanda məntəqəsini və dayaq hissələrini darmadağın edib, düşmənin itkiləri dəqiqləşdirilir.

"Bundan əlavə, ötən gün Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin məharəti və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hava hücumundan müdafiəsi sayəsində düşmənin on hava hədəfi - iki Su-34 qırıcı-bombardmançı, üç Su-34SM qırıcıları, üç helikopter və dron məhv edilib. Daha bir vurulan təyyarənin növü və pilotların həlak olması ilə bağlı məlumatlar dəqiqləşdirilir. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri işğalçıları havada hökmranlıq etmək imkanından məhrum etmək üçün fəal şəkildə işləməyə davam edir.

Quru əməliyyatı keçirə bilməyən düşmən Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.

Rusiya işğalçıları informasiya məkanında məkrli fəaliyyətlərini davam etdirirlər - kiberhücumlar həyata keçirir, televiziya və radio siqnallarının təkrarlayıcılarını fiziki məhv edir, Ukraynanın ali hərbi-siyasi rəhbərliyini və Müdafiə Qüvvələrini gözdən salmaq üçün kütləvi informasiya kampaniyasını davam etdirirlər".

Bilsirilir ki, Rusiya əhalisi arasında “xüsusi əməliyyat” adlanan əməliyyatın gedişi ilə bağlı dezinformasiyaları fəal şəkildə yaymaqda davam edir: "İşğalçı qüvvələr itki verməkdə davam edir. Onların döyüş hissələrinin və yardımçı hissələrin kadr təminatında böyük problemləri var. Düşmənin şəxsi heyəti ruhdan düşüb və bu da fərarilərin sayının artmasına və Rusiya hərbçilərinin Ukrayna ərazisindəki müharibədə iştirak etməkdən imtina etməsinə səbəb oldu".


Müəllif: Nemət