20 Mart 2022 15:33
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin strateji nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməsindən sonra Avropa ölkələri onun “qırmızı düymə”yə basacağından qorxaraq panikaya düşüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Express” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Kreml 6000-dən çox döyüş başlığı ilə dünyanın ən böyük nüvə arsenalına malikdir. Bu nüvə təhlükəsi Ukraynaya müdaxilədən sonra dünyanı təşvişə salıb.

BMT baş katibi Antonio Quterreşə görə, vaxtilə nüvə müharibəsi kimi ağlasığmaz ehtimal indi yenidən mümkün ehtimallar sferasındadır.

Kembric Maqdalena Kollecinin hərbi eksperti Hamiş de Bretton-Qordon hesab edir ki, Putinin nüvə təhdidlərinin gerçəkləşməsi qiyamətin qopması demək olacaq:

“Rusiyanın Ukraynada ABŞ-ın bioloji silah proqramına dair sübutlar tapdığını iddia etməsindən sonra Putinin “yalançı bayraq” əməliyyatına başlayacağı ilə bağlı qorxular dilə gətirilir. Rusiya bundan öz bioloji və ya kimyəvi silahları ilə Ukraynaya hücuma haqq qazandırmaq üçün bəhanə kimi istifadə edə bilər”.

Bretton-Qordon Rusiyanın kimyəvi hücumuna Qərbin hərbi cavab verəcəyini düşünmür:

“Bəşər Əsəd 1500-dən çox mülki insanı “sarin”lə öldürdüyü vaxt - Obamanın “qırmızı xətti” qırılanda və Rusiya Solsberidə kimyəvi silahla hücum edəndə biz bunlar hərbi cavab vermədik. Amma düşünürəm ki, pilotsuz və döyüş təyyarələri ilə Ukrayna ordusuna dəstək verməliyik”.

Bununla belə, Bretton-Qordon bioloji və nüvə hücumlarının fərqli nəticələr doğuracağı barədə xəbərdarlıq edib:

“Putin nüvə silahından istifadə etsə, vəziyyət başqa cür olacaq. O, taktiki nüvə silahından istifadə etsəydi, yəqin ki, reaksiya verməyəcəyik, amma strateji nüvə silahından istifadə etsə, məncə, bu, Üçüncü Dünya Müharibəsinə səbəb olacaq. Nüvə və ya bioloji hücum Böyük Britaniyaya da təsir edə bilər. Rusiya Ukraynada bioloji silahdan istifadə etsə, bunun təsiri Avropadan Britaniyaya COVID kimi yayıla bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər