Ötən həftə ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında aparılan danışıqlar Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı iki ölkənin mövqelərində dərinləşən ziddiyyəti üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşrinin materialında deyilir.
“Politico” qeyd edir ki, Bayden Si Cinpini bu əməliyyatı dayandırmaq üçün Çinin təsirindən istifadə etmək öhdəliyinə inandıra bilməyib. Əksinə, iki lider arasındakı söhbət ÇXR sədrini ABŞ-ın həm Ukrayna böhranının qızışdırılmasında, həm də Tayvan məsələsində rolunu açıq şəkildə tənqid etməyə təhrik edib.
“Çin Xarici İşlər Nazirliyinin Si Cinpinin Baydenlə zəngindən bir neçə saat əvvəl yaydığı açıqlamada Çinin Ukrayna böhranı ilə bağlı qəbul etdiyi hər hansı qərarın ABŞ-ın gözləntilərinə cavab vermə ehtimalının az olduğu irəli sürülüb. Bunun əvəzində, Çin, görünür Rusiya ilə münasibətlərini gücləndirir və Vaşinqtonun əməliyyatı dayandırmaq cəhdlərinə qarşı çıxır”, - deyə yazıda bildirilir.
“Eyni zamanda söhbətin heç bir əhəmiyyətli nəticə verməməsi Baydenin ABŞ vitse-prezidenti olduğu vaxtlarda yaranmış şəxsi münasibətlərin iki lider arasındakı dərin fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə biləcəyini şübhə altına alır”, - deyə nəşr qeyd edir.
Qeyd edək ki, Co Bayden və Si Cinpin arasında söhbət martın 18-də baş tutub.