NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səyləri çərçivəsində iki ölkəni müzakirə masasına gətirmək üçün böyük cəhdlər göstərdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, “NBC News”-a açıqlama verən Stoltenberq Ukrayna və Rusiya arasında vasitəçilik etməyə çalışan ölkələrə təşəkkür edib.
Aparıcı Çak Toddun “Sülh danışıqlarından başlayım. Bu danışıqlar nə dərəcədə ciddidir və Türkiyə burada hansı rol oynayır?” sualına NATO baş katibi belə cavab verib:
“İlk növbədə xatırlamalıyıq ki, bu, Prezident Putinin müharibəsidir və müharibəni o, bitirə bilər. Bütün NATO müttəfiqləri də Rusiyanı buna çağırır”.
Sülh danışıqlarını alqışladıqlarını bildirən Stoltenberq deyib: “Bir neçə gün əvvəl Türkiyəyə getdim və Prezident Ərdoğanla görüşdüm”.
NATO baş katibi Ankaranın müharibəni dayandırmaq və atəşkəs əldə etmək səylərini yüksək qiymətləndirib: “Türkiyə Rusiya və Ukrayna arasında danışıqları asanlaşdırmaq üçün real səylər göstərir”.
Stoltenberq qeyd edib ki, bu və ya digər danışıqlardan konkret nəticələrin çıxıb-çıxmayacağı məlum deyil.
NATO baş katibi onu da qeyd edib ki, bu müharibənin Rusiya-NATO savaşına çevrilməməsi üçün əllərindən gələni edəcəklər: “Çünki belə bir durum böyük dağıntı və ölüm gətirə bilər”.
Stoltenberqdən əvvəl “NBC News”-a danışan jurnalist Riçard Engel də Türkiyənin atdığı addımlara diqqət çəkib:
“Türkiyə Prezident Ərdoğanla birlikdə vasitəçi rolunu ortaya qoyan ən açıq ölkə və liderdir. Ərdoğanın Putinlə münasibəti var. Eyni zamanda, ABŞ-la da Putin məsələsində ona kömək edə biləcək gərgin münasibətlərə malikdir. Bu da onun vasitəçi kimi önə çıxmasına səbəb olur. Türkiyə də NATO üzvüdür. İndiki vəziyyətdə hər iki tərəf ona güvənir”.