“Rusiyanın bölgələrində bu ölkənin hərbi rəhbərliyinin rəsmi etiraf etdiyindən daha çox hərbçi dəfn edilib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Rusiya işğalına qarşı 25 gündür müdafiə olunuruq. Kreml artıq baş verənləri necə izah edəcəyini bilmir. Onlar bu günlər ərzində Rusiyanın bölgələrində rəsmən etiraf etdikləri itkilərindən daha çox əsgər basdırıblar. Yalan artıq onlara kömək etmir, həqiqətsə onları qorxudur. Çünki müdafiə qüvvələrimiz komandirləri ilə birlikdə Rusiyanın bir sıra tank, hücum, mühəndis və “elitar” sayılan digər hissələrini demək olar ki, tamamilə məhv ediblər. Genişmiqyaslı işğalın başlanğıcından bəri hərbçilərimiz 100-ə yaxın təyyarə, 120 helikopter vurub, 500-ə yaxın tankı və 500-dən çox zirehli döyüş maşını məhv edib”, - Reznikov bildirib.
O qeyd edib ki, buna görə də Rusiya dünyanın müxtəlif bölgələrində muzdlu döyüşçülər toplayır və Belarus qoşunlarını Ukrayna ilə müharibə cəhənnəminə sövq etmək üçün cəhdlər edir:
“Ordumuzun mövqeyi çox aydındır: kim olur-olsun, haradan gəlir-gəlsin, bütün işğalçılara sərt cavab veriləcək. Biz bunu dəfələrlə göstərmişik”.
Nazir əlavə edib ki, düşmən artıq Kiyevi ələ keçirmək arzusunda deyil, Çerniqov və Sumı vilayətlərində darmadağın olunub, Xarkov, Nikolayev, Xerson və Luqansk vilayətləri yaxınlığında ağrılı zərbələr alır.