Rusiya ordusu Ukrayna Prezidenti Volodimir Zelenskinin Xersondakı nümayəndəliyinin ofisinə soxulub.
Teleqraf.com xəbər verir ki, hadisə barədə nümayəndəliyin Feysbuk səhifəsində məlumat verilib.
Bildirilir ki, rusiyalı hərbçilər yarımadanın işğalı ilə əlaqədar Ukrayna prezidentinin Krımdakı nümayəndəliyinin Xersonda yerləşən ofisinə soxulublar.
“Binanın qapısı sındırılıb, Ukrayna bayrağını çıxarılıb. Otaqda qalan avadanlıq və sənədlər ələ keçirilib. Eyni zamanda, biz təxribatları istisna etmirik və vətəndaşları diqqətli olmağa, idarəyə gəlməkdən çəkinməyə çağırırıq”, - deyə məlumatda bildirilir.
Döyüş əməliyyatları və Rusiyanın təcavüzü səbəbindən Xersondakı prezident ofisi müvəqqəti bağlanıb, onun əməkdaşları öz funksiyalarını məsafədən yerinə yetirirdilər.
“Missiyanın ofisinə cinayətkar şəkildə daxil olmuş Rusiya hərbçilərinə və xüsusi xidmət orqanlarına qanunsuz hərəkətləri dayandırmağı və Ukrayna Silahlı Qüvvələrinə könüllü təslim olmağı tövsiyə edirik. Bu, məsuliyyət tədbirini yüngülləşdirəcək və insanların həyatını xilas edəcək”, - Xersondakı prezident ofisi açıqlayıb.
Qeyd edək ki, hazırda Xersonda Ukrayna döyüşçüləri ilə rus ordusu arasında şəhər döyüşləri gedir.