Rusiya artıq Ukraynanın “denazifikasiyasını” tələb etmir və NATO-ya üzv olmaqdan imtina edəcəyi təqdirdə ölkənin Avropa İttifaqına daxil olmasına razılıq verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Financial Times” anonim mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, tərəflərin müzakirə etdiyi hərbi əməliyyatların dayandırılması ilə bağlı mümkün razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanəti və Aİ-yə daxil olmaq perspektivi müqabilində NATO-ya üzv olmaqdan imtina etməsi daxildir.
“Eyni zamanda, sənəd layihəsində Rusiyanın ilkin “tələbləri” – Ukraynada rus dilinin “denazifikasiyası”, “demilitarizasiyası” və “hüquqi müdafiəsi”nin heç biri yoxdur. Moskvanın güzəştləri ukraynalıların şiddətli müqaviməti və Rusiyanın uğursuzluqları ilə bağlıdır”, - nəşr qeyd edir.
Məqalədə vurğulanır ki, Ukrayna və onun Qərb tərəfdarları Rusiya liderinin danışıqlardan tükənmiş resursları doldurmaq və yeni hücum planlaşdırmaq üçün tüstü pərdəsi kimi istifadə edə biləcəyinə şübhə ilə yanaşırlar.
“Xalqın xidmətçisi” fraksiyasının lideri və danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü David Arahamiya nəşrə deyib ki, tərəflər təhlükəsizlik zəmanətləri və Ukraynanın Aİ-dəki kursu ilə bağlı razılaşmaya yaxındırlar.
Danışıqlar prosesindən xəbərdar olan digər mənbə bildirib ki, Ukrayna işğalçı ölkənin mövqeyinin demək olar ki, hər gün dəyişməsindən narahatdır.
Bildirilir ki, müzakirə olunan saziş çərçivəsində Ukrayna nüvə silahı hazırlamamaq və öz ərazisində xarici hərbi bazalar yerləşdirməmək öhdəliyini də üzərinə götürə bilər.
Arahamiya bildirib ki, Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Polşa, İsrail və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı ola bilər.