Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, Ankarada keçiriləcək görüşün ən mühüm mövzuları Rusiya-Ukrayna müharibəsi və şərq-qərb marşrutu üzrə Xəzər dənizindən keçən Mərkəzi Dəhlizin inkişaf etdirilməsi zərurəti olacaq.
Bu çərçivədə Türkiyə və Qazaxıstan arasında daşımalarda tam sərbəstliyin təmin edilməsi üçün konkret addımlar müzakirə olunacaq.
Prezident Ərdoğan aprelin 4-də Tokayevlə telefon danışığında Türkiyə və Qazaxıstan arasında nəqliyyatda tam sərbəstliyin təmin edilməsinin zəruri olduğunu və bununla bağlı konkret addımların atılmasının faydalı olacağını bildirib.
Liderlərin görüşündə təxminən 1.3 milyard dollarlıq investisiya razılaşmasının əldə edilməsi gözlənilir. Ticarət həcminin 5 milyard dollara, daha sonra 10 milyard dollara çatdırılması hədəflənərkən, qarşıdakı dövrdə atılacaq addımların da gündəmdə olacağı qeyd edilib. Ölkənin mühüm ticarət və investisiya tərəfdaşlarından biri olan Türkiyə son 15 ildə Qazaxıstan iqtisadiyyatına 3.5 milyard dollardan çox sərmayə qoyub. Qazaxıstanda 3500-dən çox türk şirkəti var.
Bu, Tokayevin 2019-cu ilin iyununda seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri olacaq.