12 May 2022 12:51
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin aprel ayında ticarət profisiti mart ayı ilə müqayisədə (47.3 milyard ABŞ dolları) 51.12 milyard dollar təşkil edib. Ancaq bir qrup iqtisadçı Çinin ixracatının azalacağını proqnozlaşdırır. Bu, Şanxay da daxil olmaqla, Çinin bir çox şəhərindəki sərt karantin qaydasıyla bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ixrac may ayında zəifləyəcək, çünki tədarük zəncirlərindəki fasilələr istehsalçıları hasilatı azaltmağa məcbur edib:

“Çin hakimiyyəti koronavirusla mübarizədə “sıfır tolerantlıq” siyasəti yürüdür. Çin Kommunist Partiyasının siyasi bürosunun mayın 5-də keçirilən iclasında virusun yüklər vasitəsilə Çinə yayılması riskinin idarə olunmasının vacibliyi vurğulanıb. Bu onu göstərir ki, idxalın yoxlanılması sərtləşəcək, bu, idxalı daha da yavaşlada və ixraca da təsir edə bilər.

Pekinin ümumi daxili məhsulunun (ÜDM) təxminən 5.5 faiz artım hədəfi getdikcə daha çox sual altında qalır. Çünki mart ayından bəri qüvvədə olan sərt qapanmalar pərakəndə satış, istehsal qabiliyyəti və logistikaya zərbə vurub.

Rusiya-Ukrayna müharibəsi qlobal əmtəə qiymətlərini artıraraq, dəmir filizi, neft, soya və bir çox digər məhsulların alıcılarını maliyyə xərclərini artırmağa məcbur edib. Eyni zamanda, Pekinin Vaşinqton və Brüssellə davam edən gərginliyi fonunda ticarət proqnozları dəyişib. Bundan başqa bir qrup xarici investor ABŞ Federal Ehtiyatlar Sisteminin faizi artıracağını gözləyərək, bunun yuanın məzənnəsinə və valyuta bazarına təzyiq göstərəcəyini proqnozlaşdırır. Nəticədə Çinin səhm və istiqrazlarına maraq azalacaq. Çində 2022-ci ildə gözlənilən iqtisadi artımın əvvəlki 4.8 faizdən 4 faizə endiriləcəyi gözlənilir”.

Elxan Şahinoğlu bildirib ki, buna baxmayaraq, ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı əlaqələri kəsmək çağırışlarına məhəl qoymayan Çinin Rusiyadan idxalı yeni rekord həddə çatıb:

“Çinin Rusiyadan aylıq idxalı apreldə rekord həddə çataraq, 8.89 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 56.6 faiz və mart ayı ilə müqayisədə isə 13.3 faiz çoxdur. Bununla belə, Rusiyaya ixrac mart ayında illik 7.7 faiz azaldıqdan sonra bir il əvvəllə müqayisədə 25.9 faiz azalaraq 3.8 milyard dollara düşüb.

Çin və Rusiya SSRİ dağıldıqdan sonra 1990-cı illərin əvvəllərində əvvəlcə sərhədləri müəyyənləşdirdilər, 2000-ci illərin əvvəllərindən başlayaraq isə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın bünövrəsi qoyuldu. Bunun sayəsində Rusiya Çinin “imtiyazlı tərəfdaş”ına çevrildi. Ancaq Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə Çinin Rusiya ilə strateji tərəfdaşlığını Pekinin əsas xarici siyasət və təhlükəsizlik probleminə çevirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər