12 May 2022 16:41
4 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Kiyev və şimal zonasından qoşunlarını çıxararaq bütün diqqətini Donbas bölgəsinə yönəldən rus əsgərləri Lisiçansk şəhərini mühasirəyə almaq üçün hərəkətə keçərkən heç gözləmədikləri bir hücumla üzləşiblər. Hücumdan sonra rus əsgərləri ağır itki verərkən, Ukrayna bölgədən görüntülər yayıb.

Teleqraf.com xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevi ələ keçirmək cəhdlərindən nəticə ala bilməyən Rusiya qoşunlarını buradan çıxararaq diqqətini Donbas bölgəsinə yönəldib.

Rusiyanın Donbas bölgəsində Ukraynanın əlində olan ən böyük şəhəri Mariupolu ələ keçirməsi bölgədəki üstünlüyün Rusiya əsgərlərinə keçməsi ilə bağlı narahatlıqlara səbəb olsa da, ABŞ kəşfiyyatı Rusiya qüvvələrinin hələ də dəqiq irəliləyiş əldə etmədiyini açıqlayıb.

İndi hamıya məlumdur ki, Moskva müharibədəki uğursuzluğu unutdurmaq üçün Donbasda mütləq qələbə istəyirdi. Təxminən bir aya yaxındır ki, bölgədə əsgərlər və texnika yığılarkən, bu gün gələn görüntülər rus əsgərlərinin ilk addımda sərt qayaya rast gəldiyini ortaya qoyub.

Donbasın Lısıçansk şəhərini mühasirəyə almaq istəyən Rusiya qüvvələri Bilohorivkada Donets çayını keçmək istəsələr də, burada gözlənilməz sürprizlə qarşılaşıblar.

Ukraynalı hərbi mühəndislər Rusiyanın mayın 7-də çayı keçməyə cəhd edə biləcəyi ən çox ehtimal olunan nöqtəni müəyyən edib və komandirlərinə keçidi izləmək üçün ponton körpüsünü itələyən yedək mühərriklərinin səsinə qulaq asmağı təklif edib. Ertəsi gün səhər rus əsgərləri əkin sahələrini yandırıblar və tüstü bombaları ataraq çayın sahilini tüstüyə qərq ediblər. Ukraynalı mühəndisin sözlərinə qulaq asan komandirlər rus əsgərlərinin yalnız mühərrikin səsinə qulaq asmaqla gəldiyini anlayıb və hücuma başlayıblar.

Peyk görüntüləri körpünün onlarla rus maşını ilə birlikdə dağılaraq ağır itkilərə səbəb olduğunu üzə çıxarıb. Ukraynalı generallar Rusiyanın Donbasdakı hücumunun böyük ölçüdə dayandığını və rus əsgərlərinin geri çəkilərək Xarkovdan şimala müdafiəyə keçməyə məcbur qaldıqlarını bildirib.

Mövzu ilə bağlı açıqlamasında hücumu planlaşdıran mühəndis deyib ki, Rusiya qüvvələrinə aid təxminən 30-50 avtomobil çayın Ukrayna tərəfində geri dönməz şəkildə qapalı qalıb: “Əsgərlər əvvəlcə qırılan körpüdən istifadə edərək qaçmağa çalışdılar, sonra yenisini tikməyə cəhd etdilər. Şayiələrə görə, 1500 rus əsgəri həlak olub. Onların strateji məqsədi çayı keçmək, sonra isə Lisiçanski mühasirəyə almaq idi. Onlar uğursuzluğa düçar oldular”.

Qərb mediası Ukraynanın çayı keçmək cəhdinin qarşısını uğurla aldığını, onlarla avtomobili sıradan çıxardığını və Rusiyanın ağır itkilər verdiyini açıqlayıb.

Ukrayna prezidenti Zelenski rus qoşunlarını geri çəkməyə məcbur edən Ukrayna qoşunlarına təşəkkürünü bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bəyan edib ki, Rusiya ordusu son 24 saat ərzində Xarkov və Donetsk vilayətlərinə 48 hava zərbəsi endirib.


Müəllif: Nemət

Oxşar xəbərlər