Böyük Britaniyanın xarici işlər naziri Liz Trass yeni anti-Rusiya sanksiyalarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, növbəti məhdudiyyətlər Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayaya, iki əmisi oğlu İqor və Roman Putinə, prezidentin digər qohum və dostlarına şamil ediləcək.
Həmçinin, sanksiyalar keçmiş gimnast Alina Kabayeva və onun nənəsi Anna Zatseplinaya da təsir edəcək.
Alina Kabayeva ilə bağlı Britaniya hökuməti bildirir ki, o, Rusiya Prezidenti ilə yaxın şəxsi münasibətdədir və əvvəllər “putinyönümlü” Vahid Rusiya Partiyasından Dövlət Dumasının deputatı olub.
“Biz diqqətimizi Putinin dəbdəbəli həyat tərzini dəstəkləyən kölgəli şəbəkəyə yönəldirik və ifşa edirik. Biz Ukrayna qalib gələnə qədər Putinin təcavüzünə təhrik edən hər kəsə qarşı sanksiyaları davam etdirəcəyik”, - deyə Trass bildirib.
Yeni sanksiyalara aktivlərin dondurulması, Böyük Britaniyaya giriş və ya qalma qadağası və səyahət məhdudiyyətləri daxildir.