Niger Prezidenti Məhəmməd Bazum nazirlərə çoxarvadlılığı qadağan edib və ikinci qadınla evlənmək istəyən hər kəsin istefaya göndəriləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Bazum Milli Qadınlar Günü münasibətilə qadınlarla görüşüb.
Prezident çıxışında Niger əhalisinin sayının artdığına diqqət çəkərək, qadınların demoqrafik durumla bağlı məlumatlandırılmalarını istəyib.
O, əhalinin sayının artmasının Nigerin inkişafına mane olduğunu bildirib.
Bazum 1960-cı ildə Nigerin 3.3 milyon əhalisinin olduğunu, bu gün isə bu rəqəmin 24 milyona çatdığını vurğulayıb.
Nigerdə əhalinin artım sürətinin təxminən 4 faiz olduğunu bildirən Bazum bunun ölkənin rifahını, istehsalın keyfiyyətini və gündəlik həyatı təhdid etdiyini deyib.
Əhalinin artım tempi ilə yanaşı, Bazum Afrika xalqlarında kifayət qədər rast gəlinən çoxarvadlılıq haqqında da açıqlamalar verib.
Nazirlər Kabinetinə çoxarvadlılıqla bağlı xəbərdarlıq etdiyini bildirən prezident qeyd edib: “Nazirlərə dedim ki, mənim hökumətimdə olduğunuz müddətdə sizə çoxarvadlılığı qadağan edirəm”.
Bazumun bu açıqlaması zalda alqışlarla qarşılanıb.