Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, NATO-da Rusiyanın reaksiyasının İsveç və Finlandiyanın Şimali Atlantika alyansına daxil olmasından sonra olacağı ilə bağlı illüziyalar olmamalıdır.
Teleqraf.com xəbər verir ki, o, həmçinin NATO-nun şimala doğru genişlənməsini uzaq ölçülü nəticələri olan səhv kimi qiymətləndirib.
“NATO-nun bu ümumi konfiqurasiyası dəyişdirildikdən sonra bizim təhlükəsizliyimizi hansı formada təmin edəcəyimiz ayrı sualdır. Bu, Finlandiya və İsveçin Şimali Atlantika alyansına gözlənilən qoşulmasının praktiki baxımdan nəticəsinin nə olacağından asılı olacaq”, - deyə Ryabkov jurnalistlərə bildirib.
Onun fikrincə, Finlandiya və İsveçin qəbul etdiyi qərara görə hərbi gərginliyin ümumi səviyyəsi artacaq və bu sferada proqnozlaşdırıla bilənlik az olacaq. O əlavə edib ki, bu qərar nəticəsində ölkələrin təhlükəsizliyi gücləndirilməyəcək. Sergey Ryabkov vəziyyəti dünyada baş verənlərə dair tamamilə yanlış və təhrif olunmuş qavrayışın əksi kimi xarakterizə edib.