17 May 2022 14:10
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiya ilə sərhədin 60 kilometrliyində genişmiqyaslı təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, NATO-nun Baltikyanı regionda keçirdiyi ən böyük təlimlərdən biri olan “Kirpi 2022”də alyansa üzv olacaqlarını açıqlayan Finlandiya və İsveç də iştirak edir.

Rusiyanın Ukraynaya müdaxiləsinin 83-cü gününə girdiyi bir vaxtda NATO Rusiya sərhədi yaxınlığında nəhəng təlim keçirir.

Estoniyada dünən başlayan təlimdə ABŞ və Ukrayna, həmçinin NATO-ya üzv olmağa hazırlaşan Finlandiya və İsveç də daxil olmaqla 14 ölkədən minlərlə hərbçi iştirak edir.

NATO-nun Baltik regionunda indiyə qədər keçirdiyi ən böyük təlimlərdən biri olan “Kirpi 2022”də 15 minə yaxın əsgər, hava, quru və dəniz qüvvələri ilə yanaşı, kiber döyüş qrupları da iştirak edir. NATO-nun açıqlamasına görə, ABŞ təlim üçün bölgəyə nəhəng desant gəmisi göndərib. Digər tərəfdən, NATO rəsmiləri Rusiya sərhədinin 60 kilometrliyində başlayan təlimin Ukraynadakı müharibədən əvvəl planlaşdırıldığını açıqlayıb.

Ukraynanın işğalından sonra Rusiyaya yaxın bölgədəki hərbi varlığını əhəmiyyətli dərəcədə artıran NATO, hazırda Polşada 18 min, Baltikyanı ölkə Litvada isə 3 min əsgərlə təlimlərini davam etdirir.

NATO gələn ay Baltikyanı regionda və Polşada 23 ölkənin iştirakı ilə hərtərəfli təlim keçirəcək.

Rusiya NATO-nun genişlənməsinə qarşı çıxır və bunu təhlükəsizliyə təhdid kimi görür.


Müəllif: Nemət