Fevralın 10-da Tobruk Nümayəndələr Məclisində Xəlifə Haftarın dəstəyi ilə baş nazir seçilən Fəthi Başağa paytaxt Tripoliyə gəldikdən sonra tərəfdarları ilə rəqibi Abdulla Dibeybənin rəhbərlik etdiyi Milli Birlik Hökuməti tərəfdarları arasında qarşıdurma yaranıb.
Teleqraf.com xəbər verir ki, bu səbəbdən də dünən səhər saatlarında paytaxtda güclü atışma baş verb. Atışma səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb.
Fəthi Başağa qarşıdurmaların başlamasından bir neçə saat sonra paytaxtı tərk etməli olub.
Mülki ölümlərin qarşısını almaq üçün paytaxtı tərk etdiyini açıqlayan Başağanın vəzifəsini Sirtə şəhərindən idarə edəcəyi ilə bağlı iddialar səsləndirilib.
Qeyd edək ki, ötən il dekabrın 24-də keçirilməsi planlaşdırılan və sonradan ləğv edilən seçkilərdən sonra ölkənin şərqindəki Tobruk şəhərindəki Nümayəndələr Məclisi Fəthi Başağanı seçdiklərini açıqlamışdı. Bununla da, Xəlifə Haftarın qanadı altında Başağa yeni baş nazir elan edilib.
Qarşıdurmalardan sonra Tripolini tərk edən Fəthi Başağa sosial media hesabından verdiyi açıqlamada bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək və qan tökülməsinin qarşısını almaq üçün Tripolidən ayrılıb və dinc yollarla işə başlayacaq.
Milli Barışıq Hökumətinin Baş naziri Dibeye isə Fethi Başağanı baş nazir seçən Tobrukdakı Nümayəndələr Palatasının Cenevrə razılaşmasını pozduğunu bəyan edib və onu tanımayıb.