Rusiya Ukraynanın Qara dənizdəki İlan adasında yerləşdirilən hərbçilərinin öldüyünü təsdiqləməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Odessa regional rəhbərliyinin sözçüsü Sergey Bratçuk məlumat verib.
“Rusiyada ölülərini basdırmağa başlayanda İlan adasındakı itkilərini də təsdiqləməyə başlayıblar. İlan işğalçılardan razı deyil”, - Bratçuk bildirib.
Adada öldürülən ruslardan biri mayın 18-də Sankt-Peterburqda Smolensk qəbiristanlığında dəfn edilib. Həmin şəxs hərbi tibb işçisi olduğu deyilən 24 yaşlı Aleksey Fyodorovdur. O, Sankt-Peterburqdandır, amma həyat yoldaşı ilə birlikdə işğal olunmuş Krımda yaşayıb.
Yaxınlarının dediklərinə görə, Fyodorov mayın 7-də Ukrayna müdafiə qüvvələrinin vurduğu katerlərdən birində olub. Hücumdan sonra o və hərbçi yoldaşları dənizə səpələniblər. Fyodorov iki gün dənizdə qaldıqdan sonra ölüb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi mayın 17-də ölü və yaralı rus hərbçilərinin İlan adasından Sevastopola gətirildiyini açıqlayıb.
“Rusiya Silahlı Qüvvələrinin İlan adasına göndərilən 40 zabitindən 8-i sağ qayıdıb. Eyni zamanda, 10 cəsəd oradan çıxarılıb. Onların hamısı Rusiya Silahlı Qüvvələrinin işğal olunmuş Sevastopolda yerləşən xüsusi təyinatlı hissəsinin hərbçiləridir”, - açıqlamada deyilib.