27 May 2022 01:56
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Yaponiyaya səfəri zamanı Tayvanı müdafiə edəcəkləri mesajından sonra Çin adanın ətrafında hərbi təlim keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Hərbi Cəbhəsinin komandanlığının sözçüsü Xi Yi açıqlama verib.

Onun sözlərinə görə, Tayvan ətrafındakı sularda müxtəlif hərbi elementlərin və qüvvələrin cəlb olunduğu patrul və real döyüş təlimi keçirilib.

Təlimin ABŞ və Tayvan separatçılarının son birgə fəaliyyətlərinə xəbərdarlıq olduğunu deyən Xi Tayvanın Çinin ərazisi olduğunu iddia edib.

O, adada xarici qüvvələrin istənilən separatçı cəhdlərinin qarşısını almaq üçün istənilən addımın atılacağını bildirib.

Çin rəsmisi ABŞ-ın Tayvan məsələsində söz və davranışlarının eyni olmadığını və Tayvanın təxribata təhrik edildiyini söyləyib: “Bu, ikiüzlü rəftardır, bu, yalnız vəziyyəti daha təhlükəli edə bilər, Birləşmiş Ştatlar bunun ciddi nəticələri ilə üzləşməli olacaq”.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kıfey Tayvan ətrafında keçirilən təlimin ABŞ və Tayvan separatçıları arasında əməkdaşlığa cavab məqsədi daşıdığını və milli təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq üçün zəruri olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbinin isə baş verənlərə reaksiyası belə olub: “ABŞ-ın Tayvanı separatçı fəaliyyətlərinə açıq və gizli təhrik etməsi təkcə Çin-ABŞ münasibətlərində düzəlməz nəticələr verməyəcək, həm də ABŞ dözülməz bədəl ödəyəcək”.

ABŞ Prezidenti Bayden bundan əvvəl verdiyi açıqlamada Çinin hücum edəcəyi təqdirdə ölkəsinin Tayvanı hərbi yolla müdafiə edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu