28 May 2022 11:01
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyədən gələn yeni əməliyyat mesajından panikaya düşüb. Vaşinqtondan ard-arda açıqlamaların verilməsi fonunda ABŞ hərbi qüvvələri rusların çıxmağa başladığı PKK/YPG terror təşkilatının nəzarətindəki bazalarına geri dönməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni əməliyyat mesajları Suriyada həm diplomatik, həm də hərbi meydanda fəallıq yaradıb.

Baş verənlərə münasibət bildirən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirəcəyindən narahat olduqlarını bildirib. Kirbi PKK-nın Suriya qolu YPG ilə əlaqə saxladıqlarını söyləyib. Buna oxşar açıqlama ABŞ Dövlət Departamentindən də gəlib.

Gəlişmələrə adekvat olaraq, ABŞ-ın Suriyadakı hərbi qüvvələri səfərbər olmağa başlayıb. İraq üzərindən PKK/YPG-nin nəzarəti altındakı bölgələrə silah və hərbi maşınların daşınması sürətlənib. Suriyaya daxil olan onlarla yük maşını terror təşkilatının işğalı altındakı Hasekeyə çatıb. Kolonda zirehli texnika, hərbi sursat və digər texnikaların olduğu bildirilib.

ABŞ-ın fəallığı bununla məhdudlaşmır. ABŞ hərbçiləri 2019-cu ildə Rusiyanın ixtiyarına buraxaraq geri çəkildiyi bazalara qayıtmağa başlayıb. Bu bazalardan biri də Türkiyənin mümkün hədəfləri arasında olan Ayn əl-Ərəbin (Kobani) cənubundakı Xarab Aşik bazasıdır. Bu bazaya logistika avadanlıqları və texniki işçilər göndərilib. 2019-cu ildə dağıdılandan sonra ruslara buraxılan bazanın əvvəlki vəziyyətinə qaytarılacağı qeyd edilib.

Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı açıqlama verən Xarici işlər naziri Sergey Lavrov ABŞ qoşunlarının Fərat çayının şərq sahilinin böyük hissəsini işğal etdiyini deyib: “Onlar orada qondarma dövlət qurmağa çalışırlar, parçalanmanı dəstəkləyirlər. Təbii ki, Türkiyə bunlara biganə qala bilməz”.

Məlumata görə, ABŞ və Rusiyanın üzərinə götürdüyü öhdəliklərə baxmayaraq Türkiyə sərhədindən geri çəkilməyən PKK terrorçuları Mənbiç və Ayn əl-Ərəbdə tutduqları ərazilərdə tunellər qazırlar. Müxtəlif bölgələrdəki yüzlərlə kilometr uzunluğunda olan tunellər hava hücumlarına qarşı betonla möhkəmləndirilib. PKK terrorçuları türk ordusunun hərbi əməliyyatlarına müqavimət məqsədilə sərhəd xəttinə yaxın ərazilərdə bu tunelləri qazdıqları bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu