7 İyul 2022 12:18
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya hökuməti Birləşmiş Krallığa bağlı Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsinə icazə verilməsi tələbini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson Şotlandiya regional hökumətinin başçısı Nikola Sterdcenə göndərdiyi məktubda bildirilib.

“Mən növbəti müstəqillik referendumunun keçirilməsi üçün Britaniya parlamentindən Şotlandiya parlamentinə müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı irəli sürdüyünüz arqumentləri diqqətlə incələdim. Ölkəmiz daxildə və xaricdə görünməmiş problemlərlə üz-üzə qaldığı üçün 2014-cü ildə Şotlandiya xalqının aydın şəkildə cavablandırdığı suala qayıtmağın vaxtının çatması ilə razılaşmıram”.

Conson məktubunda İngiltərə və Şotlandiya hökumətləri arasında bir çox məsələlərdə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Sterdcen Britaniya baş nazirinin ona göndərdiyi məktubu Tvitterdə paylaşaraq, bunun Consonun baş nazir kimi son fəaliyyətlərindən biri olduğunu yazıb.

“Açıq desək, Şotlandiyanın müstəqilliyi seçmək imkanı olacaq. Ümid edirəm ki, 2023-cü il oktyabrın 19-da keçiriləcək referendumla, ya da seçkilər yolu ilə. Şotlandiya demokratiyası bu və ya digər baş nazirin əsiri olmayacaq”, - Sterdcen qeyd edib.

Şotlandiya hökuməti 2023-cü il oktyabrın 19-da müstəqillik referendumu keçirmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu