7 İyul 2022 13:08
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada hökumət çalxalanır, nazirlər ard-arda isfefa verməklə Baş nazir Boris Consonu sıxışdırırlar. Məqsəd Boris Consonu istefaya məcbur etməkdir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Consonun istefaya məcbur edilməsi suallar doğura bilər:

“Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s. Digər tərəfdən Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur.

Məsələ budur ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər. Sadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir.

Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O, 1979-cu ildə baş nazir seçildi. Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi”.

Elxan Şahinoğlu bildirib ki, Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər:

“Daha uzaq tarixə getsək, britaniyalılar İkinci Dünya Müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər, nəticədə müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu