Taxıl daşıyan ilk gəmi bu gün Ukrayna limanını tərk edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.
"Gəmilər Odessa limanını tərk etməyə hazırdır. Yəqin ki, ilk gəmi avqustun 1-i səhər limandan çıxacaq", - Kalın əlavə edib.
O bəyan edib ki, Türkiyə tərəfi Ukrayna rəsmiləri ilə daim təmasdadır.
Kalın qeyd edib ki, gəminin ekipajı və əlaqədar bütün tərəflər gəminin hansı koordinatlardan necə çıxacağı, beynəlxalq ərazi sularına nə vaxt daxil olacağı, Türkiyə ərazi sularına daxil olandan sonra hara hərəkət edəcəyi ilə bağlı dəqiq təfərrüata malikdir.
Kalın həmçinin əlavə edib ki, müharibə davam edir və bu, razılaşmanın həyata keçirilməsini təhlükə altına sala bilər.
"Bütün dünya əldə olunan razılaşmaları dəstəkləyir, lakin bu, kifayət deyil. Digər sahələrdə də dəstəyə ehtiyac var. Taxıl tədarükü ilə bağlı razılaşmalar uğurla həyata keçirilərsə, bunun da sülh danışıqlarının başlanmasına töhfə verməsi mümkündür", -Türkiyə rəsmisi deyib.
Kalın bu razılaşmadan sonra rahatlaşmağın mümkün olmadığını da vurğulayıb: "Biz bağlanmış taxıl sazişini qorumalıyıq. Diplomatik təşəbbüslərimiz bu çərçivədə davam edəcək".