3 Avqust 2022 20:11
2 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya-Kosovo münaqişəsini yalnız Rəcəb Tayyib Ərdoğan həll edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Qafqaz” strateji araşdırmalar mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professor Ukrayna böhranından sonra Balkanda yeni bir münaqişə qığılcımının gözlənildiyini bildirib:

“Birinci Dünya Müharibəsi də serb tələbənin öldürülməsi ilə başladı. Serblərin yeni dünya müharibəsinin tətiyini çəkib-çəkməyəcəyi sualı diqqət çəkir. Serbiya ilə Kosovo arasında bir çox problem var. Məsələn, Serbiya Kosovonu dövlət kimi tanımır. Eyni zamanda, Kosovonun şimal-qərbində yerləşən Mitrovitsa şəhərinin serb əhalisi hələ də özlərini Kosovoya deyil, Serbiyaya aid hiss edirlər”.

Oqtay Kosovonun Serbiyadan gələn bütün nəqliyyat vasitələrinin müvəqqəti Kosovo nömrələrindən istifadə etmələrinə qərar verdiyini xatırladıb:

“Kosovoda yaşayan bəzi insanların Kosovonu dövlət kimi qəbul etmələri üçün edilən bu tənzimləməyə cavab olaraq bölgədə gərginlik yaranıb. Bunun əsası Kosovonun Serbiyadan ayrılması və Serbiyanın Kosovonu tanımaması ilə qoyulub. Kosovoda müsəlman və alban əhalinin çoxluğu, eləcə də ABŞ və NATO bazasının bölgədə olması faktı da bura daxildir”.

Həsən Oqtay bu mövzuda Türkiyənin üzərinə mühüm vəzifələr düşdüyünü deyib:

“Putinlə prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə keçirəcəyi görüş Kosovo-Serbiya böhranının gündəmə gətirilməsi prosesini sürətləndirəcək. Çünki bu problemi ancaq Prezident Ərdoğan və Putin həll edə bilər. Kosovodakı bu gərginliyin Bosniya və Herseqovinaya da sıçrayacağı ehtimal edilir. Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Milorad Dodik prezidentliyi dövründə Bosniya serblərini Serbiyaya bağlamaq üçün Kosovo böhranını tətikləyəcək. Kosovo böhranının nəticələrinə əsasən, bəlkə də yaxın günlərdə Bosniya və Herseqovinanın bölünməsi ilə üzləşəcəyik”.

Professor Türkiyənin müsəlman azlıqlarının və türklərin bölgədə normal yaşamaları üçün sülhü təmin etməsinin lazım olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər