ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfəri Tayvan üzərindən ABŞ-Çin münasibətlərində yaşanan sayca beşinci böhrandır. Bundan əvvəlki böhranlar 1954, 1958, 1995 və 1997-ci illərdə olub. Son iki hadisə onunla oxşardır ki, 1997-ci ildə də qalmaqala səbəb o zaman Pelosinin bugünkü vəzifəsini tutmuş Nyut Qinqriçin Tayvana səfəri olub.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, 1954-cü ildə konfliktə səbəb Tayvanla ABŞ arasında hərbi sazişin imzalanması olub:
“Ən gərgin vəziyyət isə 1958-ci ildə yaranıb. O zaman Çin Tayvana məxsus Kinmen və Matsu adalarını artilleriya atəşinə tutub və onları zəbt etmək istəyib. Vəziyyət o həddə çatıb ki, ABŞ hərbçiləri Çini dayandırmaq üçün nüvə silahından istifadəni təklif etsələr də prezident Duayt Eyzenhauer bu təklifi rədd edib.
1995-ci ildə gərginliyə səbəb Tayvan prezidenti Li Tenq-huinin məzunu olduğu ABŞ-ın Kornel Universitetinə səfəri olub. Bill Klinton administrasiyası buna razılaşmasa da ABŞ Konqresinin Tayvan prezidentinin səfərinə “yaşıl işıq” yandıran qətnaməsi konfliktə şərait yaradıb. Sadalanan münaqişələrin hamısının oxşar cəhətlərindən biri Çinin reaksiyasında hər dəfə hərbi güc nümayişinin üstünlük təşkil etməsi olub.
1971-ci ilədək beynəlxalq birliyin tam hüquqlu üzvü olmuş Tayvanın rəsmi adı Çin Respublikasıdır. Keçən əsrin 40-cı illərinin sonlarında kommunistlərlə millətçilər arasında baş verən vətəndaş müharibəsi nəticəsində məğlub olan ikincilər başda liderləri Çan Kai-şek olmaqla Tayvanda yerləşiblər. Bundan sonra beynəlxalq hüququn subyekti olan Tayvan faktiki BMT-də bütövlükdə Çini təmsil edir, çünki əslində Çan Kai-şek 1928-ci ildən etibarən Çinin əsas ərazisində yaradılmış Çin Respublikasının və hakim millətçi partiyanın lideri olub.
1960-cı illərdən başlayaraq Tayvan yüksək iqtisadi inkişafa nail olub.
1971-ci ildə BMT-də səsvermə nəticəsində Çin Xalq Respublikası BMT üzvü kimi tanındıqdan sonra Pekin Tayvan və onunla əlaqələrini saxlamağa çalışan ölkələrə qarşı daha sərt münasibət sərgiləyib. İqtisadiyyatın az qala bütün sahələrində ciddi uğur qazanmış Tayvan Asiyanın əsas sənaye mərkəzlərindəndir.
Əhalisinin sayı 24 milyona yaxın olan ölkənin ÜDM-i 1.6 trilyon dollar olmaqla dünyada 18-ci yeri tutur. Adambaşında düşən ÜDM-ə (68.730 dollar) görə isə ölkə dünyada 13-cü yerdədir. Tayvanı bütün inkişaf etmiş dünya üçün əhəmiyyətli edən əsas iqtisadi amil isə qlobal çip istehsalının 66 faizinin bu ölkənin payına düşməsidir. Elə bu səbəbdən də illərdir Tayvanı öz nəzarətinə götürmək istəyən Çinin qarşısı digər dünya gücləri tərəfindən alınır. Çünki bu halda çip istehsalını ələ keçirən Pekin öz şərtlərini bütün dünyaya diktə edə bilər. Tayvan həm də gələcəkdə Çinin mümkün demokratikləşməsi modeli və bu gün ona təzyiq üçün mühüm əhəmiyyət kəsb edir”.
Bəs Pelosinin Tayvana səfəri hansı məqsədi güdürdü və onun nəticələri necə oldu?
Ərəstun Oruclu hesab edir ki, hazırkı konflikti zəruri edən bir neçə amil var: “Birincisi, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən ruhlanan Pekinin Tayvana qarşı mümkün analoji addımlarının qarşısını almaq;
İkincisi, Pekinin Cənubi Çin dənizi hövzəsindəki süni adalara və dəniz yollarına nəzarəti ələ keçirməsinə son qoymaq;
Üçüncüsü, Çinin öz qlobal iddialarını reallaşdırmaq üçün yetərincə gücü olmadığını ona və dünyaya göstərmək;
Dördüncüsü, Çini ABŞ-la münasibətlərində və xüsusilə də Rusiyaya hərbi dəstək məsələsində güzəştlərə məcbur etmək;
Beşincisi, Asiya-Sakit okean hövzəsində ABŞ-ın dominantlığını təmin etmək və s.
Təsadüfi deyil ki, Pelosinin Tayvana səfər edəcəyi əvvəlcədən elan olunmuşdu və Pekində bunun nə demək olduğunu yaxşı anlayırdılar. Görünür, elə bu səbəbdən də Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olmuşdu. Çox güman ki, telefon danışığı zamanı tərəflər ortaq məxrəcə gələ bilməmişdi, əks halda Pelosinin Tayvana səfəri baş tutmazdı və ya qeyri-müəyyən müddətə təxirə salınardı. Bunun da səbəbi ya Vaşinqtonun Pekin üçün qeyri-məqbul şərtlər irəli sürməsi, ya da onun planında yetiş(diril)məkdə olan böhranın danışıqlar yolu ilə öncədən çözülməsinin nəzərdə tutulmaması ola bilərdi. Başqa sözlə, Vaşinqtonun Çinə gücünü göstərməsi üçün Pelosinin Tayvana səfəri baş tutmalı idi.
Belə dinamika Pekini çətin seçim qarşısında qoyurdu ki, Vaşinqtonda da Çin rəhbərliyinin qarşıdan gələn və həlledici ola biləcək partiya qurultayı ərəfəsində məhdud manevr imkanlarına malik olduğu nəzərə alınmışdı. Bu halda Cinpin hökuməti bütün diqqətini daxildə uğur qazanmağa yönəltməli idi”.
Politoloq qeyd edib ki, səfər baş tutacağı halda Çin rəhbərliyi üç mümkün addımdan birini ata bilərdi:
“Birincisi, ABŞ rəsmisinin təyyarəsinin Tayvana enməsinə imkan verməmək;
İkincisi, baş verənlərə sakit diplomatik şəkildə reaksiya vermək;
Üçüncüsü, Tayvanı və ABŞ-ı güc nümayişi ilə hədələyərək ölkənin daxili auditoriyasının gözləntisinə uyğun davranmaq.
Birinci variant tamamilə istisna olunurdu. Çünki bu halda Çin-ABŞ “əzələ nümayişi” hər hansı səhv üzündən ciddi hərbi münaqişəyə çevrilə bilərdi. İkinci varianta gedəcəyi halda Çin hökuməti öz partiyadaxili opponentlərinin ciddi tənqid və təzyiqlərinə məruz qala, bununla da qarşıdan gələn həlledici partiya qurultayında məğlub ola bilərdi. Əsasən daxili siyasətdə uğur qazanmağa köklənmiş Çin rəhbərliyi üçün daha əlverişli üçüncü variant görünürdü ki, Si Cinpin hökuməti də həmin addımı atdı.
Vaşinqtonda da görünür, hadisələrin elə bu istiqamətdə cərəyan edəcəyini hesablamışdılar. Çünki bu halda Cinpin hökumətinin ata biləcəyi bütün addımlar ABŞ-a öz geosiyasi planlarını həyata keçirmək üçün imkan yaradırdı. Əslində belə də oldu və hər iki tərəf öz istəyinə nail olmaq üçün imkan əldə etdi.
Səfər ətrafında hərbi təhdid xarakterli addımları ilə Çin hökuməti daxili rəqiblərini susdura bildi, ABŞ isə öz geosiyasi maraqlarını təmin etmək üçün imkanlar əldə etdi. Amma münaqişə hələ yeni başlayır və bunun hansı formada davam edəcəyini söyləmək bir o qədər də asan deyil. Burada da dinamika xeyli dərəcədə Çin hökumətinin atacağı addımlardan asılı olacaq. Bunların isə konturları artıq indidən bəllidir.
Pekin Tayvan ətrafında hərbi təlimlərə başladığını elan edib və bu iddiadan geri çəkilmək mümkün olmayacaq. Bu da Vaşinqtona Tayvanla hərbi-siyasi əməkdaşlığı sürətləndirmək üçün əsaslar verir. Belə əməkdaşlığın isə müxtəlif istiqamətləri ola bilər. Bunlardan biri Tayvanın müdafiəsi məqsədilə bölgəyə əlavə hərbi qüvvələrin (xüsusilə də HDQ-nin) yerləşdirilməsi və Taypeyə silah-sursat satışını artırmaq ola bilər. Bundan başqa, ABŞ Sakit və Hind okeanları hövzəsinə nəzarəti gücləndirmək məqsədilə bir qədər əvvəl yaradılmış yeni hərbi-siyasi alyansı (AUKUS və ya Avstraliya-Böyük Britaniya-ABŞ) canlandıra bilər.
Buna şərait yaradan amillərdən daha ikisi bölgədə Rusiyanın güclənmək istəyi (o cümlədən yeni Dəniz Doktrinası) və Şimali Koreya liderinin zaman-zaman raket-bomba sınaqları həyata keçirməsidir. Yaranmış şəraitdə qlobal siyasətə təsir uğrunda mübarizədə vəziyyətin ABŞ-ın və müttəfiqlərinin xeyrinə dəyişəcəyi ehtimalı yüksəkdir”.