İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi” qruplaşmasının lideri Falih əl-Fəyyad “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədrin İraq parlamentinin buraxılması və erkən seçkilərin keçirilməsi çağırışını rədd etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Fəyyad ortaq mövqe əldə etmək üçün “Sədr” Hərəkatı liderinin böhranın həlli ilə bağlı təkliflərinin müzakirə oluna biləcəyini də istisna etməyib.
O, İraq parlamentinin buraxılması tələbinin sadəcə bir partiya tərəfindən gündəmə gətirildiyini deyib: “Bu, qəbul olunmayacaq qədər böyük bir məsələdir”.
O, inzibati sistemin konsensusa əsaslandığını xatırladıb.
“Həşd əş-Şabi” lideri Sədrdən siyasi açılım istədiklərini, amma deputatlarının istefalarına baxmayaraq siyasi səhnədə olduğunu bildirib.
Müqtəda əs-Sədr dünən verdiyi açıqlamada parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini istəyib.
İraq şiələrinin lideri dialoq və barışıq qapısını İranın dəstəklədiyi rəqiblərinə bağlayıb və paytaxt Bağdadda hökumət binalarının yerləşdiyi “Yaşıl Zona”dakı tərəfdarlarından tələbləri yerinə yetirilənə qədər oturaq aksiyaları davam etdirmələrini istəyib.