Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əbdülhəmid Xan” qazma gəmisinin Mərsinin Taşucu limanında ilk növbətçi məntəqəsinə yola salınma mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə lideri önəmli açıqlamalar verib.
Prezident Ərdoğan çıxışında deyib:
“Bu gün “Əbdülhəmid Xan” qazma gəmimizlə Türkiyə fərqli bir yerə gəlib çatıb. Şübhəsiz ki, bu günlərə birdən-birə, asan gəlməmişik. Uzun müddət gah hiyləgər oyunları, gah cəsarətsiz həmlələri, gah da açıq-saçıq xəyanətləri önləməklə məşğul olduq. Bu prosesi öz işçi qüvvəmiz və öz texnoloji alətlərimizlə həyata keçirməyə qərar verdik. İndi burada - 4 qazma gəmimizlə bu ərazidəyik. Bizim dənizlərdə dünyada nadir olan qazma donanmamız var. Aralıq və Qara dənizdə qazma işlərinə başlamışıq. Hər axtaran “Fateh” qazma gəmimiz kimi bir gəmi tapa bilməz.
Dənizin 2200 metr dərinliyində aparılan əməliyyatlarla sualtı enerji bazası yaradırıq. Qara dəniz qazının birinci mərhələsi üçün bütün lazımi prosesləri başa çatdırmağı və buradan gələcək qazı 2023-cü ildə vətəndaşlarımıza çatdırmağı planlaşdırırıq. Sənizlərdə əldə etdiyimiz nailiyyətləri qurudakı kəşflərlə taclandırmaq istəyirik. Yerli neft hasilatımız 65 min barrelə çatıb, hədəfimiz ilin sonuna qədər daha 150 quyu qazmaqdır. Qlobal iqtisadi böhranda silaha çevrilmiş təbii qaz və neft ehtiyatlarımızı nə qədər tez artıra bilsək, bir o qədər güc qazanacağıq. Bu araşdırmaları çox vacib hesab edirik.
Taşucu limanımızda gəmimizin fəaliyyəti öncəsi hazırlıqları tamamlanıb. Bu gün “Əbdülhəmid Xan” gəmimizlə Aralıq dənizinə gedirik. Ölkəmizdə neftin tapıldığı ilk yer 130 il əvvəl İskəndərun olub. Bu dəfə “Əbdülhəmid Xan” gəmimizi “Yörüklər-1” quyusuna göndərəcəyik. Gəmimiz buradakı işləri başa çatdıqdan sonra başqa quyulara keçəcək. Neft tapana qədər dayanmayacaq”.