11 Avqust 2022 10:02
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyi İranın prezidentin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona qarşı sui-qəsd planını hazırlamağa çalışdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada qətl planının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlandığı deyilib.

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü keçmiş milli təhlükəsizlik müşavirini öldürməyə cəhddə ittiham olunur. Təqsirləndirilən şəxs 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, qətli həyata keçirmək məqsədilə cinayəti işləyəcək şəxslərə pul vədi verib və SEPAH-ın adından çalışıb”, - nazirlik bildirib.

2021-ci ilin oktyabr ayından SEPAH üçün işləyən 45 yaşlı Şəhram Pursəfi “Qüds” qüvvələrinin komandiri Qasım Süleymaninin qisasını almaq üçün Con Boltonu qətlə yetirmək üçün paytaxt Vaşinqton ətrafında bəzi şəxslərlə danışıqlar aparıb.

Mehdi Rzayi kimi də tanınan iranlı Boltonu Vaşinqton və ya Merilenddə öldürmək üçün 300 min dollar təklif edib.

Nazirlik barəsində cinayət işi açılan Pursəfinin hazırda ABŞ xaricində olduğunu və tutulacağı təqdirdə mühakimə ediləcəyini bildirib.

ABŞ-ın 44-cü prezidenti Barak Obama dövründə İranla imzalanan nüvə sazişinə qarşı çıxan Bolton 17 ay Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər