13 Avqust 2022 15:37
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda müxalifətdə olan SİRİZA partiyasının lideri və keçmiş baş nazir Aleksis Çipras dinləmə skandalından sonra xələfi Kiryakos Mitsotakisi ağır ifadələrlə tənqid edib və istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, Çipras bunun Mitsotakis üçün şərəf məsələsi olmalı olduğunu deyib.

Siyasətçilərin və jurnalistlərin qanuni və qeyri-qanuni dinlənməsi ilə bağlı ifşa olunan skandalın Konstitusiyaya ağır təhqir olduğunu bildirən Çipras bunun Mitsotakisin siyasi məsuliyyətini qəbul etməsi və postundan şərəflə getməsi üçün son şansı olduğunu söyləyib.

Yunanıstan baş nazirini dövlət daxilində “paralel dövlət” qurmaqda ittiham edən SİRİZA lideri qeyd edib ki, o, ölkənin demokratik dəyərlərinə sayğı ilə yanaşmır.

Çipras Yunanıstan Milli Kəşfiyyat Təşkilatının rəhbəri Panaytos Kontoleon və baş nazirin ofisinin baş katibi Qriqoris Dimitriadisin istefalarının kifayət etmədiyini vurğulayıb və deyib ki, sadə bir dəyişikliklə heç nə olmamış kimi yollarına davam edə bilməzlər.

Mitsotakis və komandasını 1967-1974-cü illərdə hakimiyyətdə olmuş və ölkəni diktatura rejimi ilə idarə etmiş Polkovniklər Xuntası ilə müqayisə edən Çipras Mitsotakisin kiçik addımlarla özünü xilas edə bilməyəcəyini söyləyib.

Ötən günlərdə Milli Kəşfiyyat Təşkilatının jurnalist Tanasis Kukakis və müxalif siyasətçi Nikos Androlakisin mobil telefonlarının dinlədiyi üzə çıxıb. Bundan sonra sözügedən qurumun rəhbəri istefa verib.

Avropa İttifaqı (Aİ) Komissiyası Yunanıstan hökumətindən bu yöndəki araşdırmalarla bağlı məlumat tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər