17 Avqust 2022 23:39
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə istehsal olunan və Azərbaycan da daxil olmaqla bir çox ölkəyə ixrac edilən “Bayraktar TB2” dronları Avropanın gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, Almaniyanın focus.de xəbər saytı TB2-nin Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla bütün dünyaya ilham verdiyini yazıb.

Məqalədə Türkiyənin özünü hərbi məhsullarla necə təmin etdiyi təhlil olunub.

“Almaniyada Ukrayna müharibəsində istifadə edilən silahlar haqqında danışılanda insanlar tez-tez bizdə olmayanlardan bəhs edirlər. Türkiyədə isə hər şey fərqlidir”, - alman nəşri vurğulayıb.

Məqalədə TB2-nin döyüş meydanında böyük təsirə malik, həm də nisbətən ucuz olduğu deyilib:

“Ukrayna müharibəsi Türkiyənin ən yaxşılar arasında olan silahlarını daha da inkişaf etdirdiyini açıq şəkildə nümayiş etdirir. Türkiyənin yolu Almaniyadan nəinki fərqlidir, həm də daha yaxşıdır, özünü təmin də edir”.

Müdafiə sənayesində irəliləyişin ABŞ-ın 1970-ci illərdə tətbiq etdiyi silah embarqosundan sonra başladığı xatırladılıb və Türkiyənin özünü lazımi silahlarla təmin etmək və böyük oyunçulardan daha az asılı olmaq istədiyi vurğulanıb.

“Mərakeş, Tunis, Liviya, Niger, Efiopiya, Polşa, Türkmənistan və Ukrayna “Bayraktar”ın müştəriləridir. Nigeriya, Oman, Pakistan, Bolqarıstan, Serbiya, Macarıstan və Böyük Britaniya isə bu pilotsuz təyyarələrə maraq göstərir və danışıqlar aparır”, - məqalədə vurğulanıb.

Məqalədə dronlara qoyulan sərmayəyə də toxunulub:

“Onlar cəmi bir il ərzində dronlara 1.6 milyard dollar sərmayə qoyublar. Bununla da 70 faiz özünütəminat səviyyəsinə çatıblar. Hədəf 100 faizdir. “Bayraktar”dan başqa təyyarədaşıyıcıları, müxtəlif zirehli texnikalar, tanklar, daşınan reaktiv yaylım atəşi sistemləri, helikopterlər və peyk sistemlərini inkişaf etdirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu