20 Avqust 2022 21:59
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dəstəklədiyi “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah bölgədə gərginliyi artıra biləcəklərini deyərək, növbəti dəfə İsraili hədələyib.

Teleqraf.com xəbər verir ki, Nəsrullah çıxışında Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə bir illik fasilədən sonra iyunun 14-də başlayan danışıqlara toxunub.

“Livan tələb etdiyinə nail olmasa, gərginliyi artıracağıq”, - “Hizbullah” lideri bildirib.

Nəsrullah ABŞ və İran arasında davam edən nüvə danışıqlarının Livanla heç bir əlaqəsinin olmadığını da söyləyib:

“Nüvə anlaşmasının olub-olmamasının önəmi yoxdur, amerikalı vasitəçi (Amos Xoxşteyn) Livana istədiyini versə, biz sakitləşəcəyik”.

Livanlıların Tehran və Vaşinqton arasında danışıqların aparıldığı Vyanaya göz dikməməli olduğunu qeyd edən Nəsrullah əsas diqqətin Livan və İsrail arasında mübahisəli ərazi sayılan Karişə yönəlməsini vacib saylb.

Livan və İsrail arasında təxminən 860 kvadrat kilometrlik dəniz sahəsi mübahisəsi var. Livan tərəfi isə mübahisəli ərazinin 2290 kv.km olduğunu iddia edir.

2020-ci ilin oktyabrında BMT və ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında məsələnin həllinə dair danışıqlar başlayıb. 2021-ci ilin mayında keçirilən beşinci raunddan sonra danışıqlar razılaşdırılmadan dayandırılıb.

Bu ilin iyununda danışıqlar yenidən start götürüb. Avqustun 1-də ABŞ Dövlət Departamentindən verilən açıqlamada yaxın həftələrdə anlaşmanın ola biləcəyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər