24 Avqust 2022 10:43
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələri Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynaya illərlə dəstək verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın ZDF telekanalına müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Putin bir neçə günə Ukraynaya qarşı müharibədə qalib gələcəyinə inanarkən çox səhv hesablama aparıb:

“Artıq 6 aydır ki, müharibə davam edir. Rusiya böyük itkilər verib. Ukrayna müqavimət göstərə bildi, Xarkov ətrafındakı əraziləri qaytara bildi, həmçinin Donbasda hücumu dayandırdı. Lakin müharibələr təbiətinə görə gözlənilməzdir. Biz Rusiyanın işğalını çox dəqiq proqnozlaşdıra bildik. Bu barədə ötən payızda xəbərdarlıq etmişdik. Amma müharibənin necə gedəcəyini təxmin edə bilmərik”.

O qeyd edib ki, Qərb ölkələrinin vəzifəsi Ukrayna baxımından müharibənin məqbul nəticəsi ehtimalını maksimuma çatdırmaqdır: “Bizim edə biləcəyimiz şey Ukraynaya hərbi, maliyyə, humanitar və iqtisadi dəstək verməkdir”.

Onun sözlərinə görə, Qərb həm Kiyevlə həmrəylik baxımından, həm də öz maraqlarını qorumaq baxımından Ukraynanı dəstəkləməyə davam etməlidir: “Axı dövlətlər sadəcə olaraq qonşularını işğal edə bilməzlər və buna icazə verilərsə, dünyada NATO müttəfiqlərinə qarşı müharibə və təcavüz riski artacaq. NATO olaraq bizim iki rolumuz var: yaxın tərəfdaş olan Ukraynanı dəstəkləməliyik. İkinci vəzifə müharibənin genişlənməsinin qarşısını almaqdır. Biz bunu Rusiyaya açıq mesaj verməklə edirik. 5-ci maddə, kollektiv müdafiə öhdəliyimiz, danılmazdır.Müttəfiqə hücum alyansın reaksiyasına səbəb olacaq”.

O, həmçinin əlavə edib ki, bu müharibənin nəticələrindən biri də hərbi səyləri dəstəkləmək üçün ehtiyatların vacibliyini başa düşməkdir. “Bizə müharibələrin qarşısını almaq üçün güclü müdafiə lazımdır”, - Stoltenberq bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər