İranın idman və gənclər naziri Məcid Şahidi qadınların Superliqa oyunlarını tribunadan izləməsinə qoyulan qadağanın aradan qaldırıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şahidi bu gün paytaxt Tehranın “Azadi” stadionunda “İstiqlal”- “Misi Kirman” klubları arasında keçiriləcək futbol matçında qadın tamaşaçıların iştirakını təmin etmək üçün bütün hazırlıqların görüldüyünü bildirib.
“İlk dəfə Superliqa matçlarından biri qadın tamaşaçıların iştirakı ilə keçiriləcək”, - deyən nazir lazımi tənzimləmə və təmir işləri aparıldıqdan sonra qadın azarkeşlərin digər stadionlara da buraxılacağını söyləyib.
Şahidi Superliqa matçlarında qadın tamaşaçıların sayını artırmağı planlaşdırdıqlarını vurğulayıb. O qeyd edib ki, “Azadi” stadionunda bugünkü oyunu izləmək üçün 28 min azarkeşin iştirak edəcəyi tribunalarda qadınlar üçün 500 bilet ayrılıb.
2019-cu ilin martında “İstiqlal” klubunun qadın azarkeşi Səhər Xudayari Asiya Çempionlar Liqasında BƏƏ-nin “Əl-Ayn” komandası ilə oyunu izləmək üçün kişi paltarı geyinərək “Azadi” stadionuna girməyə cəhd edib. Amma bu cəhdi baş tutmayıb, Səhər polis tərəfindən saxlanılıb.
Çıxarıldığı məhkəmədə həbs cəzası alan qadın qərara etiraz olaraq özünü yandırıb. Aparıldığı xəstəxanada 90 faiz yanıq diaqnozu qoyulan Səhər Xudayari vəfat edib. İstiqlal klubunun formasının rənginə görə “Mavi qız” kimi tanınan Səhər 29 yaşında idi.