Liviyada davam edən və dinc əhalinin ölümü ilə nəticələnən münaqişələri böyük narahatlıqla izləyirik.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Böyük səylərlə yaradılmış sakitliyin qorunması Liviyanın təhlükəsizliyi, sabitliyi və gələcəyi üçün çox vacibdir. Tərəfləri bunu dərk edərək hərəkət etməyə, təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq.
Türkiyə Liviyanın davamlı sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə BMT-nin dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır.
Liviyalı qardaşlarımızın yanında olmağa, davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik", - məlumatda bildirilib.
Qeyd edək ki, Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər başlayıb və gün ərzində davam edib.
Tripolinin ətrafındakı silah anbarına hücum edən və general Xəlifə Haftarın nəzarətində olan silahlı qruplaşmalar paytaxt küçələrinə daxil olmağa cəhd ediblər. Şəhərin mərkəzində isə yanğınların baş verdiyi bildirilir.
Liviyanın keçici hökumətinin tabeliyində olan ordunun sözçüsü Məhəmməd Qununi mətbuat konfransında bildirib ki, Əbdülhəmid Dibeybəni müdafiə edən hərbçilər general Xəlifə Haftarın Tripoliyə daxil olmasının qarısını alacaqlar.
Liviyada Əbdülhəmid Dibeybənin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri onları dialoqa çağırıb.