“Proqnozlarıma görə, Brüsseldə nəticə olacaq. Ötən Brüssel görüşündə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirmişdi ki, biz ciddi razılaşmalar əldə etmişik və bu razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcəyik. Düzdür, onun dedikləri yerinə yetirilmədi, amma bu dəfə Avropa İttifaqı və onun elitası Azərbaycan-Ermənistan münasibətlərində siyasi baxımdan qərarlı görünür. Brüsseli maraqlandıran əsas məsələ iki ölkə arasında münasibətləri tamamilə qaydaya sala biləcək böyük sülh sazişinin imzalanmasına nail olmaqdır”.
Bunu Teleqraf.com-a professor Qabil Hüseynli ayın sonunda Brüsseldə gözlənilən Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən bildirib.
Politoloqun fikrincə, böyük sülh sazişinin hazırlanması üzrə işçi heyətinin yaradılması gündəmdə olacaq: "Məncə, bu heyətlərin yaradılmasına qərar verildikdən sonra həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində müsbət addımlar atıla bilər".
O xatırladıb ki, Brüsselə paralel olaraq Moskvada da sərhədlərin delimitasiyası və demarkasiyası ilə məşğul olan işçi heyəti formalaşıb: “Bu işçi heyət Azərbaycan-Ermənistan danışıqları nəticəsində yaranıb və ilk iclas Ermənistan ərazisində-Arazdöyəndə keçirilib. Məncə, işçi heyət bu dəfə daha konkret mövzuları müzakirə edə bilər. Burada söhbət sərhədlərin müəyyənləşdirilməsində əsas götürüləcək xəritələrin qəbul edilməsindən gedir. Burada da iki mövqe var. Rusiya və Ermənistan SSRİ-nin dağılması ərəfəsindəki xəritələri ön plana çəkmək istəyir. Azərbaycan isə 1920-ci ildən-Azərbaycan Demokratik Respublikasının mövcudluğunun sonuncu illərində olan xəritələrin də sərhədlərin delimitasiyası məsələsinə daxil etməyi təkidlə tələb edir”.
Qabil Hüseynli əlavə edib ki, 1920-ci ildə istər topoqrafik, istərsə də siyasi xəritələrdə Zəngəzur böyük sahəsi ilə Azərbaycan ərazisidir, üstəlik Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında başqa dövlətin ərazi yox idi: “Əlbəttə, Azərbaycan Ermənistanın indiki sərhədlərini şübhə altına almaq xəttini yeritmək niyyətində deyil. Amma beynəlxalq ictimai rəy və elə ermənilərin özünə də sübut etmək istəyir ki, onların indi yaşadığı üstəlik Azərbaycana qarşı iddialarla çıxış etdiyi ərazilər bir yana, hazırda yaşadığı yerlər Qərbi Azərbaycan adlandırılan ərazi olub, burada da yaşayanların 90 faizindən çoxu azərbaycan türkü olub. Beləcə başıpozuq ermənilərə sübut etmək lazımdır ki, onların “dənizdən dənizə böyük Ermənistan” ideyası və ya əzəli Azərbaycan ərazisi olan Qarabağ xanlığında yaratmaq istədikləri qondarma Artsax son dövrlərin separatçı baxışları kənardan dəstəklə yarımçıq həyata keçirilən ideyalardır. Azərbaycan dövləti də belə ideyaları rədd edir. Bu baxımdan Azərbaycan ən azından SSRİ zamanı mövcud olan inzibati sərhədlərin və Azərbaycanın BMT-yə daxil olduğu sərhədlərlə tanınmasını təkidlə tələb edəcək.
Brüssel və Moskva görüşlərində paralellik, bir-birini tamamlayan məqamlar var. Görünür, bu məsələdə Moskva və Brüssel arasında razılaşdırılmasa da, qismən qəbul olunan məqamlar var”.