İsrailin müdafiə naziri Benni Qantsın evində qulluqçu olan Omri Goren Qoroçovski İrana bağlı “Black Shadow” haker qrupu ilə əlaqə saxladığına və casusluq təklif etdiyinə görə məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Qantsın evindəki qulluqçuya “düşmənə məlumat ötürməyə çalışmaq” ittihamı ilə 3 il həbs cəzası verilib.
İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Lod Rayon Məhkəməsi təqsirləndirilən şəxsin etirafı əsasında Omri Goren Qoroçovskini “düşmənə məlumat ötürməyə çalışmaq” ittihamı ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bəyanatda qeyd olunub ki, Qoroçovski İrana bağlı “Black Shadow” haker qrupu ilə əlaqə saxlamaqda və onlara işləməyi təklif etməkdə təqsirli bilinib.
“İki tərəf arasında uzun danışıqlardan sonra Goren Qoroçovski ittiham olunduğu cinayətləri etiraf edib və 3 il müddətinə azadlıqdan məhrum edilib”, - məlumatda bildirilib.
Qantsın evində xadimə işləyən Qoroçovski ötən ilin noyabrında İranla əlaqəli olduğu deyilən “Black Shadow” haker qrupuna məlumat ötürməyə cəhd etdiyi üçün saxlanılmışdı.