Birləşmiş Ştatlar F-35-in mühərrikində istifadə edilən maqnitlərdən birinin Çindən gətirildiyini aşkar etdikdən sonra təyyarənin Amerika ordusuna və digər ölkələrə tədarükünü müvəqqəti olaraq dayandırıb.
Teleqraf.com xəbər verir ki, əsas istehsalçı olan “Lockheed Martin” təyyarənin turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisinin Çindən gətirildiyini müəyyən edib.
Açıqlamada qeyd olunub ki, təyyarədə istifadə olunan materialın lazımi qanun və qaydalara uyğun olmasının təmin edilməsi məqsədilə təyyarənin alıcısı olan ABŞ ordusuna və sifarişçi ölkələrə çatdırılması dayandırılıb.
Açıqlamada hazırda təslim edilən və istifadə edilən təyyarələrin bu prosesdən təsirlənmədiyi bildirilib.
ABŞ Müdafiə Departamentinin Müqavilə İdarəetmə Agentliyi avqustun 19-da F-35 Birgə Qırıcı Təyyarə Ofisinə xəbərdarlıq edib ki, təyyarədə istifadə edilən maqnit Çindən gətirilən xammaldan istehsal edilib.