ABŞ-ın keçmiş prezidenti Donald Trampın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin öz əmri ilə öldürülməsindən sonra Tehranın qisas almaq üçün onu öldürəcəyindən qorxduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, müəllifi jurnalistlər Peter Baker və Suzan Qlasser olan Tramp dövründən bəhs edilən kitabda eks-prezidentin İranın qisas almaq üçün onu öldürəcəyindən qorxduğunu dostlarına dediyi bildirilir.
Kitabda deyilir: “Tramp Floridada bir partidə dostlarına İranın ona sui-qəsd edəcəyindən qorxduğunu, buna görə də Vaşinqtona qayıdacağını və orada daha təhlükəsiz olacağını söyləyib”.
Kitabda Trampın İrana qarşı çoxsaylı hücum planlaşdırdığı, amma səlahiyyət müddətinin sonuna yaxınlaşdığı üçün bundan imtina etdiyi də qeyd edilir.
Qasım Süleymani 2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın həyata keçirdiyi hava hücumunda öldürülüb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sui-qəsd əmrini ABŞ-ın o zamankı prezidenti Trampın şəxsən verdiyini açıqlayıb. İran bundan sonra dəfələrlə Süleymaninin qisasının alınacağını bəyan edib.
İran Prezidenti İbrahim Rəisi bu ilin yanvarında Trampın sui-qəsdə görə mühakimə olunmalı olduğunu, əks halda Süleymaninin qisasını alacaqlarını demişdi.