Dünya Səhiyyə Təşkilatı koronavirusun miqyasının azalmasına dair optimist proqnozlar verir. ABŞ Prezidenti Co Bayden də koronavirus pandemiyasının geridə qaldığını bildirib. Ancaq koronavirusun başlanğıc nöqtəsində - Çində vəziyyət yenə mürəkkəbdir. “Blumberq” agentliyinin məlumatına görə Çində virusa yoluxma halları artdıqca, ölkə daxilində səyahətlər məhdudlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.
Təhlildə qeyd edilir ki, Çinin 7 əyalət paytaxtı olmaqla 33 şəhərində ciddi COVID qadağaları var:
“Məhdudiyyətlər əhalisi milyonlarla sakini olan şəhərlərə də aiddir. Çinlilər ölkə daxilində səyahətlərə üstünlük verirlər. Ancaq hazırkı şərtlər daxilində bu mümkün deyil.
Bu arada, Çin Kommunist Partiyası qurultaya hazırlaşır. Beş ildən bir keçirilən qurultayda Si Cinpinin yenidən partiyanın və ölkənin lideri seçiləcəyi bildirilir. Cinpin virusla mübarizəni yenidən sərtləşdirməklə qurultaya qədər virusun yayılmasının qarşısını almaq istəyir. Çin lideri virus təhlükəsinə ciddi yanaşır. Məsələn, o, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə toplantısında həmkarlarından maska taxmalarını xahiş etmişdi. Heç vaxt maska taxmayan Belarus Prezidenti Aleksandr Lukaşenko Cinpinlə görüşdə qaydalara riayət etmək məcburiyyətində qaldı.
Çində sentyabrın 5-də baş verən zəlzələ çinlinlərin təhlükəli bölgələləri tərk etməsini məhdudlaşdırıb. Zəlzələyə baxmayaraq, çinli rəsmilər karantin şərtlərini yumşaltmayıblar. Əksinə, qadağalar daha da sərtləşdirilib, bu da sakinlərin işini və dolanışıq vasitələrini itirdikləri bir vaxtda əlavə sıxıntıya səbəb olub.
Sosial şəbəkələrdə çinlilərin “bizdən dağılmış evlərdə qalmağı tələb edirlər” kimi paylaşımlarının sayı çoxalıb. Çinlilərdən biri “düşünürəm ki, binanın içərisində ölsəm, yaxşı olar, heç olmasa yoluxmaram” yazaraq mövcud vəziyyətə istehza edib”.
Mərkəzin ekspertlərinin fikrincə, Çində karantin qaydalarının sərtləşdirilməsində başqa məqsədlər də var:
“Çin rəhbərliyi hesab edib ki, zəlzələ nəticəsində başqa bölgələrə köçmək istəyənlər virusu digər ərazilərə yaya bilərlər. Zəlzələ nəticəsində 80-ə yaxın insanın həlak olub. Evləri zərər görən çinlilər yerdəyişmədən əvvəl COVID testi vermək məcburiyyətində qalıblar. Çində artan məhdudiyyətlər bir qrup çinli ilə polis arasında toqquşmalara səbəb olub.
Beynəlxalq “Human Rights Watch” təşkilatı zəlzələ qurbanlarının acınacaqlı durumu və Çindəki sərtləşən məhdudiyyətlərdən narahatlığını bildirib. Pekinin ölkə içində tətbiq etdiyi “sıfır COVID” insan haqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib. Hadisələrin gedişatı göstərir ki, “sıfır COVID” problemi həll etmir, sadəcə virusun yayılmasını müvəqqəti ləngidir”.