ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların “mükafat”ı olaraq Yunan Kiprinə (Cənubi Kipr) qarşı silah embarqosunu ləğv edib.
Teleqraf.com xəbər verir ki, “Habertürk” rəsmi mənbələrə istinadən Rusiyanın Vaşinqton və Yunan Kiprinə qarşı cavab hazırladığını bildirib.
Mənbə Rusiyanın Kipr Türk Cümhuriyyəti ilə əlaqə qurmağa hazırlaşdığını, ilk addım olaraq da bu ölkə ilə birbaşa uçuşlara “yaşıl işıq” yandıracağını yazıb:
“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yerinə yetirdiyi səbəbiylə bir ildir Yunan Kiprinə tətbiq etdiyi silah embarqosunu ləğv etməsinin maraqlı əks-təsirlərinin olacağı görünməyə başlayıb. Məsələn, Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətinə baxışını dəyişdirərək, hava yollarına birbaşa uçuş icazəsi verməyə hazırlaşdığı bildirilir.
Yunan Kipri Rusiya hərbi gəmilərinin yanacaq doldurmaq və xidmət üçün limanlarına girməsinin qarşısını almaq məqsədilə addımlar atdığı üçün ABŞ silah embarqosunu ləğv etdi. Bu, ABŞ-ın görünən arqumentidir. Zamanla arxa planda nələrin olduğu üzə çıxacaq. Mühüm mənbələrdən əldə etdiyimiz məlumata görə, Rusiya bu qərara reaksiya olaraq Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqə qurmağa hazırlaşır. Bunun ilk göstəricisi olaraq birbaşa uçuşlara “yaşıl işıq” yandıracaq. Amma iki ölkə arasında birbaşa uçuşlarda Qərbin embarqosundan qaçmaq üçün xüsusi şərtlər tələb olunur”.
Türk mənbələri bu məsələnin Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında müzakirə edildiyini iddia edirlər.