20 Sentyabr 2022 12:46
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda əxlaq polisi tərəfindən hicabı düzgün taxmadığı üçün döyülüb öldürülən 22 yaşlı Məhsa Eminin ölümü ölkədə çaxnaşma yaratmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, dünən bir çox nümayişçi Eminin ölümünə və əxlaq polisinə etiraz edib.

İran Tələbə Xəbər Agentliyinin (İSNA) məlumatına görə, paytaxt Tehranın Hicab küçəsində toplaşan qrup Eminin ölümünə və əxlaq polisinə etiraz edib.

Xəbərdə nümayişçilərin hakimiyyət əleyhinə şüarlar səsləndirməsinin ardından təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxilə etdiyi bildirilib.

Digər tərəfdən, Fars Xəbər Agentliyi bəzi qadın nümayişçilərin hicablarını çıxararaq ölkə hökumətinə qarşı şüarlar səsləndirdiyini yazıb.

Xəbərdə hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin dəyənək və bibər qazı ilə etirazları dağıtdığı qeyd edilib. Sosial mediada yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə sərt müdaxilə etdiyi və bəzilərinin saxlanıldığı müşahidə edilir.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan Eminin ölümü ölkədə hiddətə səbəb olub.


Müəllif: Nemət

Oxşar xəbərlər