21 Sentyabr 2022 14:05
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran rejimi saçının bir hissəsi ictimai yerdə görünən qadının polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrini cənginə alan kütləvi etirazlardan qorxmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.

İsrail nəşri qeyd edir ki, baş verənlərin ona baha başa gələcəyindən ehtiyat edən teokratik rejim cinayətin məsuliyyətini üstündən atmağa çalışır:

“Ötən həftə hadisə baş verdikdən dərhal sonra rejim Məhsa Əmininin öldürülməsinin məqsədyönlü olmadığı mesajını verdi. Əlbəttə rejim bilir ki, Kürdüstan bölgəsində gənc kürd qadının öldürülməsi asan başa gəlməyəcək. Çünki baş verənlər rejimin iki həssas nöqtəsinə toxunur: onun qadınlara qarşı müharibəsi və azlıqları sıxışdırmasına.

İran rejimi həmişə zorakılığı ilə “legitimlik pərdəsi” arasında tarazlıq saxlamağa çalışıb. Amma onu da bilir ki, baş verənlər həm İran vətəndaşlarının, həm də xarici dünyanın diqqət mərkəzindədir. Buna görə də Tehran həm qəddardır, həm də eyni zamanda dissident davranışının bəzi aşağı səviyyəli formalarına imkan verir. İran rejimi öz avtoritarizmində Çin, Rusiya, Belarus və ya bir yerdə olduğu digər rejimlər qədər hərtərəfli deyil.

Demək olar ki, İran rəhbərliyinin hər il kütləvi etirazlarla üzləşməsi onun iqtidarının nə qədər zəif olduğunu göstərir, bunu özü də bilir. Onu hakimiyyətdə saxlayan kütləvi qətllər deyil, baxmayaraq ki, buna əl atmağa hazırdır, əksinə, Tehrandakı mərkəzlə periferiya arasındakı tarazlıqdır.

Ölkə xaotik durumdadır, onun infrastrukturu standartlara uyğun deyil. Məsələn, təbii fəlakətlərin baş verdiyi ərazilərdə lazımi resurslar yoxdur, bu hallarda lazım olan avadanlıqlar digər bölgələrdən gətirilir. Belə əsas xidmətlərin bəzilərini təmin etmək üçün tez-tez İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) istifadə etməli olur. Buna görə də bir binanın çökməsi etirazlara səbəb olmuşdu. Bundan əvvəl başqa məsələlər olub. Rejim bilir ki, dayanmadan problemlərin həlli ilə məşğul olmalı və baş verəcəklərin qarşısını almalıdır”.

“Yerusəlim Post” yazır ki, rejim bu dəfə Məhsanın öldürülməsi ilə bağlı artan etirazlarla üzləşib və bunu dayandırmaq üçün əlindən gələni edir:

“Etirazlar kürd bölgəsində başlayıb. İnsanlar gənc qadının “əxlaq polisi” tərəfindən oğurlanmasına, sonra döyülərək komaya salınmasına qəzəbləniblər. Son proseslər göstərir ki, İranda heç kim rejimlə razı deyil.

Meydanlara çıxan insanlar polislə üz-üzə qalıblar. Qadınlar da polis zorakılığına qarşı meydanlardadır. İnternetdə yayımlanan görüntülərdə bir qadının ictimai yerdə saçını kəsdiyi, digərinin isə baş örtüyü yandırdığı əks olunub.

Bunlar Qərbdə insanların adi hal kimi qəbul edə biləcəyi hüquqlar kimi görünür, amma qadınların geyimini və davranışlarını idarə edən bir rejimdə bu, inqilabi əlamətdir. İran rejimi daxildə böyük qəzəblə üzləşib.

İndiyədək onlarla insanın öldüyü bildirilir, amma çox güman ki, ölənlərin sayı artacaq. Davam edən etirazlar qlobal qınağa və diqqətə məruz qalır. Bu, İranın BMT Baş Assambleyasının sammitində bəzi üstünlüklər qazanmağa çalışdığı bir vaxta təsadüf edir.

Eyni zamanda, etirazlar onilliklər boyu mollaların teokratik idarəçiliyinə qarşı çıxan kürd hərəkatlarının yelkənlərinə yeni külək verəcək. Kürd azlığına qarşı istənilən hücum xalqı daha da qəzəbləndirəcək. Artıq qəzəb İraqın Kürd muxtariyyətinə də keçib. Bundan əlavə, İran rejimi ABŞ və ya İsrail kimi bölgədəki digər ölkələrə qarşı hücumları artıraraq diqqət yayındırmağa çalışa bilər. Məsələn, sentyabrın 18-də Suriyada ABŞ qüvvələrini hədəfə almışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər