“Əgər Rusiya həqiqətən də nüvə silahından istifadə edərək müharibəni bitirməyi düşünürsə, bu çox böyük fəsadlara və irimiqyaslı qırğınlara, eləcə də münaqişələrə səbəb ola bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Rusiyada elan edilmiş səfərbərliyin mümkün nəticələri barədə danışıb:
“Rusiyanın səfərbərlik və tez-tələsik referendum (Xerson, Zaporoje və Donbasda) elan etməsi həm də ondan xəbər verir ki, Moskvanın ilkin planı baş tutmayıb. İlkin plan beləydi: Ukraynaya nəzarəti tamamilə ələ keçirmək, Kiyevdə hakimiyyəti dəyişmək və özlərinə yaxın namizədi iqtidara gətirmək. Amma bu baş tutmadı, bu da aşkar formada görünür.
İndi Rusiyanın ikinci plana keçdiyi ehtimalı yaranır. Yəni haranı tutublarsa, oranı “Rusiya ərazisi” elan etmək və buranın “nüvə çətiri” altında olduğunu açıqlamaq. Rusiyanın təhlükəsizlik doktrinasına görə, federasiya əraziləri “nüvə çətiri” altındadır. Rusiya ərazisinə hücum nüvə silahından istifadəni aktuallaşdıra bilər. Yəni Kreml bununla demək istəyir ki, haranı tutmuşamsa, ora mənim ərazimdir, siz bununla barışmalısınız, barışmasanız, Rusiya ərazisi olduğu üçün nüvə silahından istifadə edə bilərəm”.
Natiq Cəfərlinin sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri ilk dəfədir ki, çox real nüvə təhlükəsi yaranıb:
“Bundan əvvəl - 1960-cı illərdə Kuba ətrafında Karib böhranı zamanı nüvə silahından istifadə ehtimalı yaranmışdı. Amma bu məsələ tez də həll olundu. İndi Ukraynadakı müharibə uzandıqca və Rusiya mövqeyini sərtləçdirdikcə, çox təəssüf ki, prosesin qarşısıalınmaz və həddindən artıq təhlükəli məcraya yönəlməsi riski yaranır.
Əgər Rusiya həqiqətən də nüvə silahından istifadə edərək müharibəni bitirməyi düşünürsə, bu çox böyük fəsadlara və irimiqyaslı qırğınlara, eləcə də münaqişələrə səbəb ola bilər. Bunun özü də dünya üçün çox böyük təhdiddir. Ümid edək ki, gec-tez hər şey öz həllini masada tapacaq.
Masa qurulmasa, danışıqlar olmasa və müharibə təhlükəsi artdıqca, digər ölkələrin də savaşa qoşulması və birbaşa NATO-Rusiya toqquşmasının baş verməsi ehtimalı artacaq. Bu da dünya üçün böyük təhdid və təhlükə deməkdir”.