Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Aİ Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibədə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı təhdidlərini ciddi qəbul etməlidir.
Teleqraf.com xəbər verir ki, Borrell, Rusiyanın qismən səfərbərliyi və Ukraynanın 4 bölgədə referendum keçirməsi ilə bağlı mühüm açıqlamalar verib.
Borrell deyib ki, Aİ Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrini ciddi qəbul etməlidir və müharibə təhlükəli ana çatıb.
“Bu, şübhəsiz ki, təhlükəli məqamdır, çünki Rusiya ordusu küncdə ilişib. Nüvə silahından istifadə ilə hədələyən Putinin reaksiyası həqiqətən də dəhşətlidir”, - Borrell bildirib.
Putinin çıxışında ölkəsinin müxtəlif kütləvi qırğın silahlarına sahib olduğunu və ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyini və bunun blef olmadığını xatırladan Borrell deyib: “İnsanlar bunun blef olmadığını söyləyəndə, onu qəbul etməlisiniz. Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyan diplomatik həll yoluna gəlinməlidir. Əks halda müharibəni bitirə bilərik, amma sülh əldə oluna bilməz və başqa bir müharibə başlayacaq”.