İkinci Dünya müharibəsindən bəri ilk dəfədir nüvə savaşı riski pik həddə artıb. Bəs riskin artdığı bu dövrdə Rusiya və Qərbin nüvəsi nə qədərdir və hansı ölkədə neçə nüvə başlığı var?
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
ABŞ, Rusiya, Çin və Böyük Britaniya da daxil olmaqla 9 ölkədə təxminən 15 000 nüvə silahı var. Ən çox nüvə başlıqları Rusiya və ABŞ-dadır.
Rusiyanın 6850, ABŞ-ın isə 6450 nüvə başlığı var. Bu iki ölkədən başqa Fransanın 300, Çinin 280, Britaniyanın 215, Pakistanın 140-150, Hindistanın 130-140, İsrailin 80, Şimali Koreyanın 10-20 nüvə silahı mövcuddur.
Bu barədə “Türkiyə”yə danışan hərbi ekspert Turan Oğuz deyib:
“Nüvə silahları geniş miqyasda istifadə olunarsa, görüləsi iş qalmayacaq. Əgər kiçik taktiki nüvə silahlarından istifadə edilərsə, onda vəziyyət başqa cür ola bilər. Amma bu da təhlükəni böyüdəcək. Məsələn, Rusiya kiçik taktiki silahlarından istifadə etsə, NATO da ona qarşı bu silahlara əl atacaq. Bu da heç bir nəticəsi olmayan bütöv bir nüvə müharibəsinə səbəb ola bilər. Nüvə silahı bir dəfə çıxarıldısa, məntiq işləməyəcək”.