27 Sentyabr 2022 09:54
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Yunanıstanın qeyri-hərbi statuslu adalara (GASA) zirehli texnikalar göndərməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Amerika rəsmisi iki NATO üzvü – Türkiyə və Yunanıstan arasında gərginliyi artıra biləcək bəyanatların və addımların zamanının olmadığını bildirib.

Yunanıstanın bu yöndəki addımları ilə bağlı sualı cavablandıran Prays deyib:

“Rusiyanın növbəti dəfə suveren dövləti işğal etdiyi, transatlantik və beynəlxalq ictimaiyyətin Ukrayna xalqının yanında olduğu və Rusiyanın təcavüzünə qarşı durduğu bir vaxtda NATO tərəfdaşları arasında gərginliyi artıra biləcək bəyanatların və ya addımların vaxtı deyil. NATO müttəfiqlərimizi regionda sülh və təhlükəsizliyi qorumaq və istənilən çətin fikir ayrılıqlarını həll etmək üçün diplomatik şəkildə birgə işləməyə təşviq etməyə davam edirik”.

Jurnalist Praysa “Adalar hansı ölkənin suverenliyindədir: Türkiyənin, yoxsa Yunanıstanın?” sualını verib. O, suala cavab vermədən fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsinin vacibliyini bir daha vurğulayıb.

Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq Egey dənizində GASA çərçivəsində olan Midilli və Sisam adalarına zirehli texnikalar göndərdiyi üzə çıxıb. Türkiyə Xarici İşlər Nazirliyi bununla əlaqədar Yunanıstan və ABŞ-a etiraz notası verib.


Müəllif: Mənsur Rəğbətoğlu