Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində tezliklə hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq, müvafiq qərar Yuxarı Lars keçid məntəqəsində keçirilən iclasda qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözügedən region üzrə Teleqram kanalı məlumat yayıb.
“Bundan əlavə, yaxın vaxtlarda buraxılış məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək. Müşavirənin yekunları barədə respublika başçısına məlumat verilib”, - məlumatda deyilir.
Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədi boyunca keçidə icazə verilib. Bu barədə qərar keçid məntəqəsindəki müşavirədə qəbul edilib. İclasa Şimali Osetiyanın daxili işlər naziri Andrey Sergeyev rəhbərlik edib.
İclasın yekunu olaraq, iştirakçılar vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi barədə qərar qəbul ediblər. Eyni zamanda, asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi baxımından bundan sonra da bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.