Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan etdikdən sonra hər gün minlərlə vətəndaş Rusiyanı tərk edir. Rusların gedə bildiyi ölkələr sırasında Türkiyə ilk yerlərdə dayanır. Vəziyyətə uyğun olaraq təyyarə biletləri də bahalaşıb və ortalama bir vətəndaş gediş üçün azı min dollar ödəməli olur.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, təkcə ötən bazar ertəsi Moskvanın hava limanlarından Antalyaya 36 uçuş həyata keçirilib.
Antalyaya 24 saat ərzində əsasən geniş gövdəli A330 təyyarələri ilə 9 minə yaxın Rusiya vətəndaşı gəlib.
Uçuşların yaxın günlərdə də eyni intensivliklə davam edəcəyi gözlənilir.
Altı gün ərzində ümumilikdə 98 min Rusiya vətəndaşı qonşu Qazaxıstana avtomobil yolu ilə keçib. Hökumət Rusiyadan gələnlər üçün ümidsiz vəziyyətdən qaçmalı olanlar ifadəsini işlədib. Qaçqınlara təhlükəsizlik vəd olunub.
Gürcüstanın quru qapısından səfərbərlik günü 5 min insanın keçdiyi halda, dünən bu rəqəm 12 minə yüksəlib. Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, bu sürətlə davam etsə oktyabrın 1-nə ölkəyə 100 min rus daxil olacaq. Digər tərəfdən, səyahət nəzarəti kimi bir qadağa tətbiq etməyəcəyini elan edən Rusiya bunun əksinə işarə edən sahədə addımlar atır.