Ukraynalılar sərt qışa hazırlaşmalı, bir sıra zəruri əşyalar əldə etməlidirlər.
Teleqraf.com xəbər verir ki, bu fikri Ukrayna hökumətinin iclasında Baş nazir Denis Şmıqal söyləyib.
“Gəlin reallığı bəzəməyək - bu qış çətin olacaq. Ona görə də bir daha hamını qışa diqqətlə hazırlaşmağa çağırırıq. Hər bir ailənin zəruri əsas əşyaların olması arzu edilir - isti paltarlar, şamlar, fənərlər, batareyalar. Kütləvi raket hücumları nəticəsində işıq və ya istiliyin itməsi halında bunu hazırlamaq vacibdir”, - deyə Şmıqal əlavə edib.
Onun sözlərinə görə, mərkəzi və yerli orqanlar tərəfindən kifayət qədər enerji ehtiyatı toplanıb, şəbəkələr hazırlanıb, əlavə avadanlıq alınıb, zədələnmiş infrastrukturun təmiri təmin edilib.
“Hazırda ölkədə istilik mövsümünə hazırlıq 90 faizdən çoxdur. Əhali üçün xüsusi istilik məntəqələri də hazırlanıb, kritik infrastrukturu tez bir zamanda bərpa etmək mümkün olmadıqda evakuasiya planları hazırlanıb”, - deyə Baş nazir əlavə edib.
Eyni zamanda, Şmıqal, bu payız-qış fəslini keçmək üçün kifayət qədər enerji ehtiyatlarının olmasına baxmayaraq, əhalini mümkün qədər qənaət etməyə çağırıb.
“Bu gün mən bir daha bütün ukraynalılara axşam saatlarında elektrik enerjisi istehlakını azaltmaq xahişi ilə müraciət etmək istəyirəm. Söhbət qaranlıqda oturmaqdan getmir. Yalnız ən çox enerji tələb edən cihazların istifadəsini azaltmaq lazımdır. Elektrik sobaları, elektrik çaydanları, elektrik alətləri, qızdırıcılar və kondisionerlər, sobalar və ütülər, mikrodalğalı sobalar, qəhvədəmləyənlər, paltaryuyan maşınlar və qabyuyan maşınların istifadəsini minimuma endirin”, - deyə Şmiqal bildirib.