Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna Prezidenti Vladimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN başçısı Kuleba onlayn brifinq zamanı bildirib.
“İranın hərəkətləri alçaqlıqdır və biz buna göz yuma bilmətik. İran bir tərəfdən müharibəyə qarşı olduğunu və heç bir tərəfə silah satmayacağını bildirir, bir tərəfdən isə ukraynalıları öldürmək üçün Rusiyaya PUA-lar verir. Bu yalana dözə bilmərik”, - XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, baş verənlərə görə məsuliyyət Tehranın üzərinə düşür: "Mən bütün baş verənləri nəzərə alaraq Ukraynanın İranla diplomatik əlaqələrini kəsməsi ilə bağlı Prezidentə təklif təqdim edirəm. Biz heç vaxt İrana qarşı əks mövqe tutmamışıq. Amma bu gündən etibarən İrana çox adekvat və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırsa, münasibətlərin bütün spektrini bərpa etməkdən danışa bilərik”.