Böyük Britaniyanın müdafiə naziri və baş qərargah rəisi Pentaqona planlaşdırılmamış səfər edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi general Mark Milley Pentaqonda britaniyalı həmkarları, müdafiə naziri Ben Uolles və Baş Qərargah rəisi, admiral Toni Radakin ilə görüşüb.
Onların Vaşinqtona səfərlərinin daha əvvəl elan edilməməsi diqqət çəkib. ABŞ tərəfi görüş tələbinin Uollesdən gəldiyini və görüşün planlaşdırılmadığını bildirib.
Digər tərəfdən, iki nazir arasındakı görüşlə bağlı açıqlama verən Pentaqonun sözçüsü, briqada generalı Patrik Ryder deyib ki, nazir Ostin bu gün Böyük Britaniyadan gələn həmkarı ilə görüşəcək: “Əsasən transatlantik və regional təhlükəsizlik əməkdaşlığının davam edən əhəmiyyətini müzakirə edəcək. Rusiya-Ukrayna müharibəsi, eləcə də iki ölkənin Ukraynaya davamlı dəstəyi diqqətə alınacaq”.
Ryder isə görüşün əsas mövzusunun Ukrayna olduğunu və bu çərçivədə transatlantik əməkdaşlığın müzakirə edildiyini bildirərək Uollesin bu planlaşdırılmamış səfərinin səbəbi ilə bağlı suallarını rədd etməyə çalışıb.
Digər tərəfdən ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Dave Butler qeyd edib ki, Milley admiral Radakin ilə Şərqi Avropadakı təhlükəsizlik mühiti və ümumi strateji maraq doğuran digər məsələləri müzakirə edib.
Cümə axşamı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü gözlənilir, lakin səfərin təxirə salındığı iddiaları da var.
Bəzi xəbərlərə görə, iki ölkənin müdafiə naziri İrandan Rusiyaya ötürülən dron və ballistik raketlər mövzusunu müzakirə edəcək. Bu istiqamətdə Kiyevə mümkün hava hücumundan müdafiə sistemlərinin verilməsi gözləniləndir.